Bugun.tv xəbər verir ki, Braziliyanın tropik meşələrində bitən bir ağacdan əldə olunan təbii birləşmələrin COVID-19 virusuna qarşı potensial təsiri alimlərin diqqətini cəlb edib.
Məlumata görə, nüfuzlu Scientific Reports jurnalında dərc olunan araşdırmada Braziliyaya məxsus Copaifera lucens ağacının yarpaqlarından əldə edilən galloilxin turşusu birləşmələri tədqiq olunub.
Laboratoriya şəraitində aparılan sınaqlar göstərib ki, bu birləşmələr SARS-CoV-2 virusunun insan orqanizmində yayılması və çoxalması üçün vacib olan bir neçə mexanizmi eyni vaxtda hədəfə ala bilir.
Araşdırma nəticələrinə əsasən, sözügedən maddələr virusun hüceyrələrə daxil olmasına kömək edən “spike” zülalının fəaliyyətinə təsir göstərir, virusun immun sistemindən gizlənməsinə yardım edən mexanizmləri zəiflədir və onun çoxalmasında mühüm rol oynayan RNT polimeraza sisteminin işini pozur.
Alimlər bildirirlər ki, bu birləşmələrin digər mühüm üstünlüyü onların iltihab əleyhinə və immuniteti tənzimləyən xüsusiyyətlərə malik olmasıdır. Bu isə ağır COVID-19 hallarında müşahidə edilən və həyati təhlükə yaradan “sitokin fırtınası” adlanan həddindən artıq immun reaksiyalarının qarşısının alınmasına kömək edə bilər.
Bununla belə, tədqiqatçılar vurğulayırlar ki, əldə olunan nəticələr yalnız laboratoriya şəraitində hüceyrə kulturları üzərində aparılan təcrübələrə əsaslanır. Ağacın yarpaqlarının və ya onlardan hazırlanan məhsulların birbaşa COVID-19 müalicəsi kimi istifadə olunması elmi baxımdan əsaslandırılmır.
Mütəxəssislərin sözlərinə görə, bu birləşmələrin gələcəkdə dərman kimi istifadəsi üçün heyvanlar üzərində sınaqlar, təhlükəsizlik testləri və uzunmüddətli klinik araşdırmaların aparılması tələb olunur.
Mənbə: Ensonhaber
