Bugun.tv xəbər verir ki, alimlər Yer kürəsinin iqliminin tənzimlənməsində mühüm rol oynayan Atlantik okeanındakı böyük su dövranı sisteminin təxminən 20 ildir zəiflədiyini müəyyənləşdiriblər.
ScienceDaily-nin məlumatına görə, söhbət Atlantik Meridional Çevrilmə Dövranından (AMOC) gedir. Bu sistem isti suları şimala, daha soyuq və sıx suları isə dərinliklər boyunca cənuba daşıyaraq Atlantik okeanında istiliyin bölüşdürülməsində iştirak edir.
ABŞ-ın Mayami Universitetinin rəhbərlik etdiyi araşdırmada Şimali Atlantikanın müxtəlif hissələrində yerləşən uzunmüddətli müşahidə sistemlərindən istifadə olunub. Məlumatlar su dövranının qərb sərhədində zəifləmənin müxtəlif enliklərdə müşahidə edildiyini göstərib.
Alimlərin fikrincə, AMOC-un daha da zəifləməsi Avropada qışların, yağıntıların, fırtınaların və Atlantik sahillərində dəniz səviyyəsinin dəyişməsinə təsir göstərə bilər.
Araşdırma bu dəyişikliklərin gələcək iqlim şəraitinin proqnozlaşdırılması baxımından mühüm siqnal ola biləcəyini göstərir. Qeyd edək ki, tədqiqatın özü “Science Advances” jurnalında aprelin 8-də dərc olunub, nəticələr isə 23 sentyabrda ScienceDaily tərəfindən yenidən təqdim edilib.
Mənbə: ScienceDaily
