Mədəniyyət

Azərbaycan Yazıçılar Birliyində Nazim Rizvanın 75 illik yubileyi qeyd olunub

Bugun.tv xəbər verir ki, ötən gün Azərbaycan Yazıçılar Birliyində şair, ədəbiyyatşünas alim, tərcüməçi və pedaqoq Nazim Rizvanın 75 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.

Bədii qiraət ustası, şair, Vətən müharibəsi veteranı və hərbi mütəxəssis Cəbrayıl Qənbərin Bugun.tv– yə verdiyi məlumata əsasən təşkil olunan tədbirdə 1951–2003-cü illərdə yaşamış yubilyarın həyat və yaradıcılığı şairi yaxından tanıyanlar tərəfdən geniş şəkildə tamaşaçılara çatdırılıb.

Tədbiri Nazim Rizvanın vaxtilə elmi rəhbəri olduğu aspirant, hazırda da Azərbaycan Milli Elmlər Akademiyasının baş elmi işçisi, filologiya üzrə elmlər doktoru, dosent Esmira Fuad açaraq, giriş nitqi ilə şairin həyat və elmi fəaliyyəti, bədii yaradıcılığı, Vətənpərvər və insanpərvərliyi barədə geniş məlumat verib.

Tədbirdə ilk çıxış edən təcrübəli alim, Əməkdar mədəniyyət işçisi və tənqidçi Vaqif Yusifli də Nazim Rizvanla bağlı maraqlı xatirələr bölüşərək onun əsərlərinin daha geniş şəkildə təbliğ olunmasının vacibliyini çatdırıb.

Həmçinin Azərbaycan Televiziyasının ali dərəcəli rejissoru Natiq Cavadzadə isə çıxışı zamanı Əli Tudə kimi alimin yetirmələrindən olan Nazim Rizvan barədə xatirələrindən söz açıb. O qeyd edib ki, Əli Tudə haqqında nəşr etdirdiyi kitabda Nazim Rizvanın məqalələri və şeirləri yer alıb.

Ukraynada Krım radiosunda 25 il Vətənimiz üçün fəaliyyət göstərmiş ziliyalımız Həbib Əliyev də öz çıxışında şair haqqında “Qobustan” verilişində səsləndirdiyi məlumatlardan və Nazim Rizvanın beş şeirinin yer aldığı kitabdan söhbət açaraq, özü ilə tədbirə gətirdiyi audio lenti iştirakçılara dinlətdirərək maraqlı faktlar danışıb. Və O, Nazim Rizvanın gərəkli, unudulmaz bir insan olduğunu vurğulayıb.

Sabunçu rayonunda yerləşən 187 nömrəli orta məktəbin direktor müavini İffət müəllim də vaxtilə Nazim Rizvanla bir məktəbdə çalışdığını bildirərək qürurlandığını və şairin “Analar, laylayı astadan deyin” şeirini də səsləndirməklə yanaşı işlədiyi birgə illərin maraqlı xatirələrini danışıb.

Şairə və filologiya üzrə alim Qiymət Məhərrəmli də çıxış edərək Nazim Rizvan barədə araşdırmalara və onun bədii irsinin daha ətraflı təhlilə ehtiyac olduğunun vacibliyini diqqətə çatdırıb.

Tədbirdə şairin bacısı Xuraman Rizvan, övladı Günel Ələsgərova Rizvan və yaxın qohumu Sevinc Rzayeva da öz çıxışlarında Nazim Rizvanla bağlı maraqlı və kövrək xatirələrini danışıblar.

Şairin Türkiyə Respublikasında yaşayan övladı Leyla Rizvan da atasının külliyyatının təbliğatı ilə məşğul olmaqla yanaşı bu tədbirlə ürəkdən maraqlanaraq növbəti keçiriləcək tədbirdə şəxsən iştirak edəcəyini onlayn səkildə də bildirmişdir.

Tədbirə dəvət olunmuş bədii qiraət ustası, şair, Vətən müharibəsi veteranı və hərbi mütəxəssis Cəbrayıl Qənbər də çıxış edərək Nazim Rizvanın cəmi 52 il qısa ömür sürməsinə baxmayaraq çox mənalı və ictimaiyyətə faydalı bir ziyalı ömrü yaşamaqla fəxr etdiyini bildirib. Və şairin “Məhəbbət” və “Sevgilim” adlı lirik şeirlərini bədii qiraətlə səsləndirərək tədbirə xüsusi ovqat verib.

Tədbirin sonunda iştirakçılarla xatirə şəkilləri çəkdirilib.

Bədii qiraətçi Cəbrayıl Qənbər başda olmaqla şair Nazim Rizvanın ailə üzvləri və yaxınları adından Bugun.tv saytına xüsusi minnətdarlığını bildirib.

Aynur Camal

Oxşar xəbərlər

Kanadanın “Eurovision”a qoşulması müzakirə olunur

Aynur Camal

Eurovision-da İsrail səhnədə olarkən “Soyqırımı dayandırın” şüarları səsləndi

Aynur Camal

El Bakuvinin yeni kitabı işıq üzü gördü – VİDEO

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu