25 C
Baku
27 İyul 2024, 3:52
Digər

“Azərbaycanın gəlmə turizminin imkanlarını genişləndirmək lazımdır” – Samir Dübəndi

Turizm qeyri-neft sektorunda prioritet sayılan sahələrdəndir. Son illər Azərbaycanda inkişaf etməkdə olan turizm sahəsi Qarabağın azad edilməsi ilə daha da irəliləməyə başladı. Bütün diqqətlər ölkə turizminə yönəldi.

Hazırda Azərbaycan turizminin mövcud vəziyyəti və hansı səviyyədə irəliləməsi ilə bağlı Azərbaycan Ekoturizm Assosiasiyası İdarə heyətinin Sədri, ATMU Mehmanxana və restoran biznesi kafedrasının baş müəllimi Samir Dübəndiyə (Babazadə) suallarımızı verdik.

O, ölkə turizmində çatışan və çatışmayan məsələlərlə yanaşı bu sahədəki iqtisadi vəziyyətlə də bağlı suallarımızı cavablandırdı.

Müsahibəni təqdim edirik:

  1. Qarabağda yaradılacaq destinasiyalar Azərbaycanda turizmin inkişafına necə təsir edəcək?

– Qarabağda bir neçə turizm destinasiyalarının yaradılacağını düşünürəm. Bu istiqamətdə müəyyən işlər aparılmaqdadır. Burada infrastrukturdan, yolların çəkilməsindən, elektrik xəttlərinin və qaz şəbəkələrinin quraşdırılmasından danışmaq mümkündür. Eyni zamanda rahat gediş-gəlişin təmin edilməsi üçün tunellər də çəkilməkdədir. Bununla yanaşı, Zəfər yolu üzərində bir neçə turizm destinasiyası da yaradılacaq. Düşünürəm ki, Hadrutdan başlayaraq Laçın və ya Kəlbəcərə qədər yaradılan müxtəlif destinasiyaları yaxın zamanlarda görəcəyik. Orada hər bölgənin də öz turizm müxtəlifliyini təqdim etməsi bu işə müsbət təsirini göstərəcək. Bu isə birbaşa Azərbaycan turizminin inkişafı deməkdir. Bunu demək mümkündür ki, yeni destinasiyaların yaradılması gəlmə turizmi ilə yanaşı daxili turizmin də inkişafını sürətləndirəcək.

  1. Azərbaycanın turizm müxtəlifliyi turistlər üçün hansı imkanları təklif edir?

– Azərbaycan 11 iqlim qurşağından doqquzuna sahibdir. Təbii sərvətlərimiz, rəngarəng təbiətimiz, subtropik və sub alp ərazilərimiz kimi çox sayda təbii imkanlarımız Azərbaycanın turizm müxtəlifliyini zənginləşdirir. Bununla yanaşı turizm müxtəlifliyinə mədəni irsimiz, tarixi-mədəni və tarixi-memarlıq abidələrimiz də aid olduğu üçün Azərbaycan turistlərin diqqətini çəkən ilk ölkələr arasındadır.

  1. Azərbaycanda turizm destinasiyalarının marketinqində hansı çətinliklərlə qarşılaşmaq mümkündür?

– Fikrimcə, Azərbaycanın gəlmə turizminin imkanlarını genişləndirmək lazımdır. Bir neçə il bundan öncə Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosu elan etmişdi ki, bir sıra hədəf seçdiyimiz ölkələr var. Həmin hədəf seçdiyimiz ölkələrin hazırki vəziyyəti və bizimlə olan münasibətləri dəyişkəndir. Burada vizalar, siyasi və iqtisadi əlaqələrdən danışmaq mümkündür. Ola bilsin ki, bir neçə il öncəki hədəflər bu gün dəyişsin. Amma buna baxmayaraq, bizim seçdiyimiz hədəf ölkələr var. Həmin ölkələr ilə müqavilə bağlamaq şərti ilə bir neçə şirkətlərlə əməkdaşlıq etmək nəzərdə tutulmuşdu. Mən xatırlayıram ki, həmin şirkətlər bizim müxtəlif marketinq, təqdimat və reklam işlərimizi görməli idilər. Rusiyanı misal göstərə bilərəm. Bu ölkə də hədəf ölkələr sırasında idi. Rusiyada 140 milyondan çox əhali yaşayır. Bəzi məqamlarda bu ölkə ilə bağlı bir çox turizm maneələri aradan qalxmış olur. Bunlara dil, mentalitet və digər məsələlər aiddir. Eyni zamanda bu məsələ dövlət səviyyəsində də müxtəlif saziş və müqavilələrlə özünü göstərib. Amma bu gün biz görürük ki, Azərbaycan turizmi Rusiya bazarında bir sıra problemlər yaşayır. Bunlar nədən ibarətdir?! İlk növbədə biz təəssüf ki, Rusiyanın milyonlarla insan yaşadığı şəhərlərində Azərbaycan turizmini tanıdacaq müxtəlif marketinq, təqdimat, reklam işləri və təşviqedici addımları görə bilmirik. Bayaq da qeyd etdiyim kimi bunun üçün şirkətlər seçilmişdi və onlar bütün bu işləri həll edərək, Azərbaycanın gəlmə turizminə fayda verməli idilər. Biz, hətta, təəccüblənirik ki, bunun üçün dövlətlər səviyyəsində müqavilələr bağlanır, amma bunu turizm şirkətləri öz aralarında icra edə bilmirlər. Eyni zamanda icra edənlər də işin axırına çata bilmirlər. Biz Rusiyadan hazırda milyona yaxın turist qəbul edirik. Bu say 2 və ya 3 milyon olsa, burada qazanan elə Azərbaycan turizmi olar. Bu, işin birinci tərəfidir. Digər məsələ isə Rusiyanın içində olduğu müharibəyə görə ölkə ərazisindəki beynəlxalq aqreqatorların işləməməsidir. Bunlara “Airbnb”, “Booking.com” və s. daxildir. Onu deyə bilərəm ki, hazırda Rusiyada bu işləri yerli rus texnoloji həlləri öz üzərinə götürüb. Bu da Azərbaycandakı bizneslərin və turizm subyektlərinin oraya daxil ola bilməməsi deməkdir. Nəticədə Azərbaycan turizm şəbəkələri Rusiyada reklam və ya satış edə bilmir.

Qiymətlərin formalaşması və onların təklif olunması məsələsində də bir sıra problemlər yaşadığımızı düşünürəm. Məsələn, sosial şəbəkə platformalarında, xüsusən, TikTok-da keyfiyyətsiz və qeyri-etik reklamların edilməsi də buna təsir edir. Həmin reklamlarda 2 saatlıq hotel otaqları 25 AZN-ə təklif olunur. Hətta, bəzilərində yemək paketi də qiymətə daxil edilir. Həmçinin 5 ulduzlu hotellərin də özünü doğrultmayan təklifləri ilə də qarşılaşmaq olar. Bunlar həmin problemlərdən sadəcə bir neçəsidir.

  1. Dayanıqlı turizm Azərbaycan üçün nə təqdim edir və bu istiqamətdə atılan addımlar nələrdən ibarətdir?

– Düşünürəm ki, Azərbaycanda dayanıqlı turizm həm əhali, həm də turizm şirkətləri tərəfindən elə də tam anlaşılmayıb. Bildiyimiz kimi, BMT-nin bu sahədə qəbul etdiyi davamlı inkişaf məqsədləri var. Biz də bununla tanışıq. Ancaq turizm sahəsində bunun anlaşılması və bu davamlılığı davam etdirmək mədəniyyəti o qədər də inkişaf etməyib. Mən yalnız bunu qeyd edə bilərəm ki, bu istiqamətdə dövlət tərəfindən atılan bir çox addımlar var. Qarabağda ağıllı şəhərlərin və yaşıl zonaların yaradılmasını misal göstərmək olar. Mən daha bir misalı yaşıl enerji ilə bağlı qeyd edə bilərəm. Prezident yaşıl enerjinin istehsal və ixrac edilməsi istiqamətində bir sıra qərarlar qəbul edib. Bunun məntiqi davamını turizmdə də davamlılığı qoruya bilməyimizdə görürəm. Həmçinin, Heydər Əliyev Fondu və IDEA İctimai Birliyi tərəfindən də Azərbaycanda turizmin davamlılığı istiqamətində işlərin görüldüyünü qeyd edə bilərəm. Mədəni irsimizin qorunmasında da mühüm işlər görülür. Bir çox tarixi-memarlıq abidələri və bəzi destinasiyalar bərpa olunub. Onların bir qismi YUNESKO-nun maddi irs siyahısında təmsil olunur. Biz bunu turizmdə də davam etdirsək, Azərbaycan turizmi daha da inkişaf edər.

  1. Azərbaycan turizmində texnologiyanın rolu nələrdən ibarətdir və bu sahədə hansı yeniliklər var?

– Texnologiyalar gündən günə daha da inkişaf etməkdədir. Son illərdə əmələ gələn və böyük imkanlara sahib bir sıra elektron menyular və həllər mövcuddur. Onlar turizm sahəsində və qonaqpərvərlik sənayesində bizə imkan yaradır ki, işlərimizi rahat görə bilək. Biz bu texnologiyalar sayəsində böyük dataların və məlumatların içərisində hansısa filterləri qura bilirik. Bu sahədə bir sıra tanınmış şirkətlər var. Onlar müxtəlif elektron paketlər təqdim edirlər. Məsələn, “Amadeus.com”, “OPERA” kimi böyük sistemlər müxtəlif turizm işlərinin görülməsində böyük rola sahibdir. Həmçinin Rusiyanın, Türkiyənin və eləcə də Azərbaycanın da istehsal etdiyi elektron sistemlər və həllər də mövcuddur. Bu sistemlərin sayı da getdikcə artmaqdadır. Hazırda turizm obyektlərinin bir çoxunda müasir İPTV şəbəkələri, kontaktsız “Check In” texnologiyası, QR kodlarla giriş-çıxış və digər ID tanınma prosesləri kimi müxtəlif geniş texnoloji həllərdən istifadə olunur. Azərbaycan da inteqrasiya olunan ölkələr sırasındadır. Düşünürəm ki, bütün bu texnologiyaların sayı Azərbaycanda getdikcə daha da artmalıdır. Ümumiyyətlə, bu texnologiyaların təlimi və tədrisi də aparılmalıdır. Bu sahəni seçən tələbələr də sahəyə addım atdıqları zamandan bunları öyrənməlidirlər.

  1. Ölkədə turizmlə bağlı hansı hüquqi tənzimləmələr mövcuddur və bu qaydalar sektora necə təsir edir?

– Məlum olduğu kimi, 2021-ci ildə “Turizm haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul olunub. Ondan öncəki qanun 1994-cü ildən qüvvədə idi. 2021-ci ildəki yeni qanun qəbul olunduqdan sonra köhnə qanun da qüvvəsini itirdi. Bu qanun Azərbaycanda turizm üzrə əsas ali sənəd sayılır. Həmçinin digər normativ sənədlər və standartlar da var. Onu da qeyd edim ki, turizm sahəsində müəyyən boşluqlar var, bu mövzu ilə bağlı çox geniş danışmaq olar. Hətta, bir müsahibəyə sığmayacaq məsələlər var. Son illərdə Azərbaycandakı hotellərin kateqoriyalarının müəyyən edilməsində istifadə olunan meyarların standartı işlənib, hazırlanmışdı. Biz bunu Avropa Şurasının Hotellər, Restoranlar və Kafelər Assosiasiyasının işlədiyi bir standartdan mənimsəyərək, istinad edərək hazırlamışdıq. Biz demək olar ki, həmin şəbəkənin bir hissəsinə çevrilmişik. Əfsuslar olsun ki, Azərbaycanda hotellər və yerləşmə vasitələri ilə bağlı standartlar tam deyil. Bunun üçün bəzi hallarda tənzimləyici sənədlər belə yoxdur. Mən xatırlatmaq istərdim ki, 2021-ci ildə qəbul olunan “Turizm haqqında” Qanunda qeyd edilib ki, hotellər sanitar qovşağa sahib olmalı, xüsusi avadanlıqlarla təchiz edilməli və minimum 11 otaqdan ibarət olmalıdır. Həmçinin hotellər gecələmə və gün ərzində minimum 1 dəfə yemək xidməti də göstərməlidirlər. Bunu nəzərə alaraq, digər yerləşmə vasitələrində isə hüquqi tənzimlənmənin aparılmadığını deyə bilərəm. Hostellər, qonaq evləri, studiyalar, apartamentlər, kənd evləri, ferma evləri, dağ sığınacaqları, kempinqlər və s. yerləşmə vasitələri üçün qeyd etdiyim kimi heç bir hüquqi tənzimlənmə sənədimiz əfsuslar olsun ki, yoxdur. Bu sənəd yalnız hotellər üçün var.

  1. Azərbaycanın turizm strategiyası gələcəkdə turizmi necə formalaşdırmağı hədəfləyir?

– Müəyyən proqnoz vermək lazımdırsa, düşünürəm ki, Azərbaycan turizmi barədə qeyri-neft sektorunda prioritet iqtisadi sahə kimi adlandırırıqsa, bunun çatışmazlıqlarını da görməliyik. Biz hansı iqtisadi sahəni inkişaf etdirmək istəyiriksə, həmin iqtisadi sahə üçün sərfəli kredit məhsulları, maliyyə mexanizmləri və fəaliyyətləri mövcud olmalıdır. Bunsuz istənilən iqtisadi sektor inkişaf edə bilməz. Biz bir tərəfdən turizmin qeyri-neft sektorunda əsas olduğunu deyirik, amma digər tərəfdən də qeyd etdiyim kimi belə alətlərin, imkanların əlçatan olmadığını görürük. Mən düşünürəm ki, bunu hədəf götürərək, bir də düşünməliyik. Turizm sahəsində kiçik və orta biznes üçün xüsusilə daha yaxşı və əlverişli biznes şəraiti yaratmalıyıq. Bu, bəzi vergilərin azaldılması ilə və ya vergilərlə bağlı müəyyən qaydalara yenidən baxmaqla mümkün ola bilər. Əvvəldə dediyim kimi, kredit və maliyyə bazası da güclü olmalıdır. Bütün bunlarla yanaşı, ən əsas məqam elə peşəkar insanlar, kadrlarla bağlıdır. Onları bu sahə üçün hazırlamaq, peşəkarlaşdırmaq lazımdır. Bunu həm peşə məktəblərində, həm kolleclərdə, həm də universitetlərdə düzgün plan və strategiya quraraq, düzəltmək mümkündür. Mən düşünürəm ki, Azərbaycan turizminin təkmilləşməsində bunlar önəmli rola malikdir. Bununla biz genişlənən bazarın ehtiyaclarını qarşılaya bilərik. Bir məsələni də qeyd etmək istəyirəm ki, biz gözlənilmədən COP29 tədbirinin Bakıda keçirilməsi ilə qarşılaşmaqdayıq. Bununla bağlı ölkəyə çox sayda qonaqlar gələcək. Bütün iri sənaye mərkəzləri və yerləşmə vasitələri işçi götürməkdə çətinlik çəkirlər. Həmin qonaqlara xidmət göstərmək üçün peşəkar işçilərə ehtiyac var. Hansı ki, onlar bazarda mövcud deyil. Bunlar sadəcə bir neçə nümunə idi. Bu məsələlərə diqqət yetirmək olduqca vacibdir. Biz turizmi inkişaf etdirərək regionda daha çox əlaqələrə sahib ola bilərik.

Səbinə Xeyirbəyova

Bugün TV

Oxşar xəbərlər

Laçından çıxan ermənilərə “mənəvi təzminat” olaraq evləri yandırmağa icazə verildi…

Aynur Camal

Qeyri-Azərbaycan dilli tədris bölmələri üzrə məktəb seçiminə start verilir

Aynur Camal

Mövcud olmayan xərçəng səbəbiylə sağlam orqanları çıxarılıb

İntizar Əmirova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu