Azərbaycan hökuməti Avropa Parlamenti tərəfindən qəbul edilən qərarda yer alan ifadələrə etiraz edərək Avropa İttifaqına rəsmi nota verib.
Azərbaycan Xarici İşlər Nazirliyi tərəfindən yayılan məlumata görə, Aİ-nin Bakıda akkreditə olunmuş səfiri Marijana Kujundzic Nazirliyə çağırılıb. Görüş zamanı Avropa Parlamentinin qəbul etdiyi qərarda Azərbaycanla bağlı səsləndirilən fikirlərin “əsassız və qərəzli” olduğu bildirilib və rəsmi etiraz notası təqdim edilib.
Bildirilib ki, sənəddə yer alan qiymətləndirmələr reallığı əks etdirmir, dövlətlərin suverenliyi və ərazi bütövlüyü prinsiplərinə ziddir. Azərbaycan tərəfi hesab edir ki, bu cür yanaşma regionda davam edən normallaşma prosesinə və Aİ ilə münasibətlərin gələcəyinə mənfi təsir göstərə bilər.
Görüşdə həmçinin Avropa Parlamentinin qərarında Qarabağdan köçmüş ermənilərin geri dönüşü ilə bağlı çağırışların Azərbaycanın daxili işlərinə müdaxilə kimi qiymətləndirildiyi vurğulanıb. Rəsmi Bakı qeyd edib ki, 2023-cü ildə bölgədə yaşayan erməni sakinlərə reinteqrasiya təklif olunsa da, onların əksəriyyəti könüllü şəkildə ərazini tərk edib.
Bundan əlavə, sənəddə “müharibə əsirləri” kimi təqdim olunan şəxslərlə bağlı çağırışların hüquqi baxımdan qəbul edilmədiyi bildirilib. Azərbaycan tərəfi qeyd edib ki, saxlanılan şəxslər məhkəmə qərarları ilə terror, sabotaj və digər ağır cinayətlərə görə məsuliyyət daşıyır.
Rəsmi Bakı, həmçinin mədəni və dini irsin məhv edilməsi ilə bağlı iddiaları rədd edərək, əksinə, işğal dövründə Azərbaycanın irsinin ciddi şəkildə zərər gördüyünü vurğulayıb.
Sonda Avropa İttifaqına bu kimi addımların qarşısının alınması və regionda sülh və əməkdaşlıq prosesinə dəstək verilməsi ilə bağlı çağırış edilib.
Mənbə: TrtHaber
