Azərbaycan Milli Məclisi Avropa Parlamenti ilə bütün əlaqələrin dayandırılması barədə qərar qəbul edib. Qərar qurumun Azərbaycana qarşı “qərəzli və destruktiv fəaliyyətləri” ilə əsaslandırılıb.
Milli Məclis tərəfindən qəbul edilən sənəddə bildirilir ki, Avropa Parlamenti Azərbaycanla açıq və konstruktiv dialoqdan uzaq mövqe nümayiş etdirir və beynəlxalq hüquq normaları ilə ədalət prinsiplərini nəzərə almır. Sənəddə qeyd olunur ki, qurum uzun illər ərzində Azərbaycan ərazilərinin işğal altında qalması, yaşayış məntəqələrinin və mədəni irsin dağıdılması, eləcə də bir milyondan çox insanın məcburi köçkün düşməsi məsələlərinə lazımi diqqət göstərməyib.
Qərarda həmçinin vurğulanır ki, Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsi və Euronest Parlament Assambleyası Azərbaycana qarşı təzyiq alətinə çevrilib.
Milli Məclis sənədində Avropa Parlamentinin müxtəlif lobbi qruplarının təsiri altında olduğu və Azərbaycana qarşı qərəzli mövqe sərgilədiyi də qeyd olunub. Bildirilib ki, bu yanaşma təkcə Azərbaycan–Aİ münasibətlərinə deyil, həm də Cənubi Qafqazda davam edən sülh və normallaşma proseslərinə mənfi təsir göstərir.
Qəbul edilən qərara əsasən, Avropa Parlamenti ilə bütün istiqamətlər üzrə əməkdaşlıq dayandırılır, Parlament Əməkdaşlıq Komitəsində fəaliyyətə xitam verilir və Euronest Parlament Assambleyasındakı iştirakın dayandırılması üçün müvafiq prosedurlara başlanılır.
Qeyd edək ki, bundan əvvəl Avropa Parlamentində qəbul edilən qərarda Azərbaycanla bağlı bir sıra çağırışlar səsləndirilib və bunun ardınca rəsmi Bakı Avropa İttifaqına etiraz notası təqdim edilib.
Mənbə: TrtHaber
