Azərbaycan Ukraynada SOCAR-a məxsus yanacaqdoldurma məntəqəsinə pilotsuz uçuş aparatı (PUA) ilə hücum edilməsi ilə əlaqədar Rusiyaya diplomatik nota təqdim edib.
Bugun.tv xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Məlumata görə, iyulun 5-i axşam saatlarında Ukraynanın Nikolayev vilayətində SOCAR-a məxsus yanacaqdoldurma məntəqəsinə PUA hücumu həyata keçirilib. Hadisədən sonra Rusiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mixail Yevdokimov Xarici İşlər Nazirliyinə çağırılıb və ona rəsmi etiraz notası təqdim edilib.
XİN-in açıqlamasında bildirilib ki, bu, SOCAR-ın Ukraynadakı obyektlərinə qarşı ilk hücum deyil. Daha əvvəl də şirkətə məxsus qazpaylayıcı kompressor stansiyası və Odessadakı neft bazası hərbi hücumlara məruz qalıb. Həmin hadisələr nəticəsində ciddi maddi ziyan dəyib, şirkətin əməkdaşları yaralanıb.
Bəyanatda qeyd olunub ki, dəfələrlə edilən müraciətlərə baxmayaraq, bu cür hücumların davam etməsi onların məqsədli şəkildə həyata keçirildiyi ehtimalını gücləndirir. Həmçinin Azərbaycanın Kiyevdəki səfirliyi və Xarkovdakı fəxri konsulluq binasının da müxtəlif hava hücumları zamanı zərər gördüyü xatırladılıb.
Rusiya səfiri ilə görüş zamanı diplomatik və konsulluq nümayəndəliklərinin qorunmasına dair Vyana konvensiyalarından irəli gələn öhdəliklərə ciddi əməl olunmasının vacibliyi vurğulanıb.
Azərbaycan tərəfi Rusiyadan baş vermiş bütün hadisələrin hərtərəfli araşdırılmasını, rəsmi izahat verilməsini, eləcə də mülki obyektlərin və diplomatik nümayəndəliklərin təhlükəsizliyinin təmin olunması ilə bağlı beynəlxalq öhdəliklərə riayət edilməsini tələb edib.
Mənbə: EnSonHaber

