Yeni elmi araşdırma göstərib ki, bir və ya bir neçə xarici dil öyrənmək beynin yaşlanma prosesini əhəmiyyətli dərəcədə ləngidə bilər.
Bugun.tv xəbər verir ki, bu barədə The Guardian məlumat yayıb.
Araşdırma Barselonada keçirilən Avropa Neyroelm Cəmiyyətləri Federasiyasının (FENS) forumunda təqdim olunub. Tədqiqat İspaniya, Çili, Argentina və İrlandiyadan olan alimlər tərəfindən aparılıb.
Araşdırmaya əsasən, iki dildə danışan insanların beyni yalnız bir dil bilənlərlə müqayisədə orta hesabla 6 il, üç dil bilənlərdə isə 7 il daha gənc görünür. Dörd dili yüksək səviyyədə bilən şəxslərdə isə bu fərq təxminən 13 ilə çatır.
Alimlər bildirirlər ki, yeni dili erkən yaşlarda öyrənmək və həmin dildə yüksək səviyyədə danışmaq beynin sinir əlaqələrinin daha uzun müddət sağlam qalmasına kömək edir. Bu isə yaddaşın, diqqətin və düşünmə qabiliyyətinin qorunmasına müsbət təsir göstərir.
Mütəxəssislərin fikrincə, xarici dil öyrənmək gələcəkdə koqnitiv zəifləmə və demensiya riskinin azaldılmasına da töhfə verə bilər. Bununla belə, onlar qeyd edirlər ki, sağlam həyat tərzi, fiziki aktivlik və sosial əlaqələr də beyin sağlamlığının qorunmasında mühüm rol oynayır.
Mənbə: The Guardian

