Bugun.tv-yə daxil olan məlumata görə, Azərbaycan və Hindistan arasında mədəni əlaqələrin daha da möhkəmləndirilməsi, birgə layihələrin həyata keçirilməsi və turizm sahəsində əməkdaşlığın genişləndirilməsi istiqamətində yeni imkanlar müzakirə olunub.
Məlumata əsasən, Hindistanın Azərbaycandakı səfiri Abhay Kumar Azərbaycanın mədəniyyət naziri Adil Kərimli ilə görüşüb. Görüşdə iki ölkə arasında mövcud tarixi və sivilizasiya əlaqələrinə əsaslanaraq mədəni münasibətlərin dərinləşdirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Tərəflər Hindistanlı turistlər və zəvvarlar arasında böyük maraq doğuran Atəşgah məbədinin, Maha Cvala Devi adı ilə də tanınan bu tarixi məkanın daha geniş təbliği imkanlarını nəzərdən keçiriblər. Həmçinin turizmin təşviqi və xalqlar arasında əlaqələrin genişləndirilməsi diqqət mərkəzində olub.
Görüşdə kino sahəsində əməkdaşlıq xüsusi yer tutub. Hindistan kinosunun Azərbaycanda ənənəvi populyarlığı nəzərə alınaraq, birgə film layihələrinin hazırlanması və film istehsalı sahəsində hüquqi-normativ çərçivələrin təkmilləşdirilməsi imkanları müzakirə edilib.

Bundan başqa, mədəniyyət günləri və festivalların təşkili, musiqi və səhnə sənətləri üzrə mübadilələr, ədəbi əlaqələr, kitab sərgiləri, əsərlərin tərcüməsi və təhsil təşəbbüsləri barədə fikir mübadiləsi aparılıb.
Tərəflər, eyni zamanda, çoxtərəfli platformalarda əməkdaşlığın gücləndirilməsinin əhəmiyyətini vurğulayıblar.
