Mədəniyyət

Azərbaycan Yazıçılar Birliyində Nazim Rizvanın 75 illik yubileyi qeyd olunub

Bugun.tv xəbər verir ki, ötən gün Azərbaycan Yazıçılar Birliyində şair, ədəbiyyatşünas alim, tərcüməçi və pedaqoq Nazim Rizvanın 75 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.

Bədii qiraət ustası, şair, Vətən müharibəsi veteranı və hərbi mütəxəssis Cəbrayıl Qənbərin Bugun.tv– yə verdiyi məlumata əsasən təşkil olunan tədbirdə 1951–2003-cü illərdə yaşamış yubilyarın həyat və yaradıcılığı geniş şəkildə yad edilib.

Tədbiri Nazim Rizvanın vaxtilə elmi rəhbərlik etdiyi aspirantı, hazırda Azərbaycan Milli Elmlər Akademiyasının baş elmi işçisi, filologiya üzrə elmlər doktoru, dosent Esmira Fuad açıb. O, giriş nitqində şairin həyat yolu, elmi fəaliyyəti və bədii yaradıcılığı barədə ətraflı məlumat verib.

Daha sonra çıxış edən Əməkdar mədəniyyət işçisi, tənqidçi Vaqif Yusifli Nazim Rizvanla bağlı xatirələrini bölüşərək onun əsərlərinin daha geniş şəkildə tədqiq və təbliğ olunmasının vacibliyini vurğulayıb.

Tədbirdə çıxış edən “AzTV”nin ali dərəcəli rejissoru Natiq Cavadzadə isə Əli Tudə Ədəbi Məclisinin yetirmələrindən olan Nazim Rizvan haqqında xatirələrindən danışıb. O bildirib ki, Əli Tudə haqqında nəşr etdirdiyi kitabda yubilyarın altı məqaləsi və iki şeiri yer alıb.

Krım radiosunda 25 il fəaliyyət göstərmiş Həbib Əliyev də çıxışında şair haqqında “Qobustan” verilişində səsləndirdiyi məlumatlardan və Nazim Rizvanın beş şeirinin yer aldığı kitabdan bəhs edib.

Sabunçu rayonu 187 saylı orta məktəbin direktor müavini İffət müəllim isə vaxtilə Nazim Rizvanla eyni məktəbdə çalışdığını bildirərək bununla qürur duyduğunu deyib və şairin “Analar, laylayı astadan deyin” şeirini səsləndirib.

Şairə-alim Qiymət Məhərrəmli də çıxış edərək Nazim Rizvanın bədii irsinin daha geniş təhlil olunmasının vacibliyini diqqətə çatdırıb.

Tədbirdə şairin bacısı Xuraman Rizvan, övladı Günel Ələsgərova-Rizvan və yaxın qohumu Sevinc Rzayeva da çıxış edərək onunla bağlı xatirələrini bölüşüblər.

Tədbirə dəvət olunmuş bədii qiraət ustası, şair, Vətən müharibəsi veteranı və hərbi mütəxəssis Cəbrayıl Qənbər isə Nazim Rizvanın “Məhəbbət” və “Sevgilim” adlı lirik şeirlərini səsləndirərək tədbirə xüsusi ovqat qatıb.

Sonda tədbir iştirakçıları ilə xatirə şəkilləri çəkdirilib.

Aynur Camal

Oxşar xəbərlər

Kanadanın “Eurovision”a qoşulması müzakirə olunur

Aynur Camal

Eurovision-da İsrail səhnədə olarkən “Soyqırımı dayandırın” şüarları səsləndi

Aynur Camal

El Bakuvinin yeni kitabı işıq üzü gördü – VİDEO

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu