Qəzza zolağının mina və partlamamış sursatlardan təmizlənməsi üçün təxminən 541 milyon dollar tələb olunur. Bu barədə BMT Mina Fəaliyyəti Xidmətinin İşğal olunmuş Fələstin əraziləri üzrə rəhbəri Julius Van der Walt Cenevrədə keçirilən brifinqdə məlumat verib.
Onun sözlərinə görə, bölgədə qalan partlamamış sursatlar mülki əhali üçün hər gün ciddi təhlükə yaradır və Qəzzada bərpa və yenidənqurma prosesini ciddi şəkildə ləngidir.
Van der Walt bildirib ki, münaqişə başlayandan bəri bu tip partlayıcılar minlərlə insanın ölümünə səbəb olub və qurbanların əhəmiyyətli hissəsini uşaqlar təşkil edir.
Birləşmiş Millətlər Təşkilatının qiymətləndirməsinə əsasən, Qəzza ərazisində orta hesabla hər 600 metr məsafədə partlamamış sursat aşkarlanır ki, bu da təhlükənin miqyasını göstərir.
BMT rəsmiləri vurğulayır ki, təhlükəsizliyin təmin olunması və insanların normal həyata qayıtması üçün genişmiqyaslı mina təmizləmə əməliyyatlarının həyata keçirilməsi zəruridir.
Mənbə: TASS
