Bugun.tv xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının (BMT) İnsan Hüquqları üzrə Ali Komissarı Volker Türk Rusiya ilə Ukrayna arasında davam edən müharibənin sona çatdırılması üçün BMT Nizamnaməsi və beynəlxalq hüquq çərçivəsində təcili tədbirlər görülməsinin vacibliyini bildirib.
Anadolu Agentliyinin məlumatına görə, Volker Türk BMT İnsan Hüquqları Şurasının 63-cü sessiyası çərçivəsində Ukrayna ilə bağlı keçirilən iclasda çıxış edib. O, 2022-ci ilin fevralında başlayan müharibənin genişlənərək davam etdiyini və mülki əhaliyə ağır iztirablar yaşatdığını vurğulayıb.
Ali komissarın sözlərinə görə, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının hesabatında mülki şəxslərə və hərbi əsirlərə qarşı cinsi zorakılıq halları qeydə alınıb. Sənədləşdirilmiş mindən çox hadisənin 89 faizi Rusiya, 11 faizi isə Ukrayna tərəfinə aid edilib.
Türk bildirib ki, 2026-cı ilin ilk səkkiz ayında Ukraynada təxminən 15 min 280 mülki şəxsin öldüyü və ya yaralandığı təsdiqlənib. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 55 faiz çoxdur.
O, müharibənin dayandırılması üçün danışıqlar prosesinin yenidən sürətləndirilməsinin, etimadın artırılmasına yönəlmiş tədbirlərin görülməsinin və eyni zamanda mülki əhalinin qorunmasının vacibliyini qeyd edib.
Mənbə: TRT Haber
