Bugun.tv xəbər verir ki, Rusiyanın Ukraynaya qarşı başladığı genişmiqyaslı müharibədə ümumi itkilərin sayı 2 milyonu ötüb. Bu barədə CNN telekanalı Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin (CSIS) yeni hesabatına istinadən məlumat yayıb.
Araşdırmaya görə, Rusiya ordusunda ölən, yaralanan və itkin düşən hərbçilərin ümumi sayı təxminən 1,4 milyona çatıb. Hesabat müəllifləri bildirirlər ki, bu rəqəm Rusiya əhalisinin təxminən 1 faizinə bərabərdir və ölkə üçün son dərəcə ağır itki hesab olunur.
CSIS-in hesablamalarına əsasən, Rusiyanın müharibə nəticəsində ölən hərbçilərinin sayı təxminən 450 min nəfərdir.
Hesabatda qeyd olunur ki, itkilər ölkə üzrə bərabər bölüşdürülməyib. Xüsusilə yoxsul regionlarda və etnik azlıqların yaşadığı ərazilərdə itki səviyyəsi daha yüksəkdir. Bəzi ucqar yaşayış məntəqələrində hərbi xidmətə çağırılan kişilərin böyük hissəsinin döyüşlərdə həlak olduğu bildirilir.
Araşdırma müəllifləri Set Cons və Rayli Makkeyb vurğulayırlar ki, Rusiya hazırda cəbhədə itirdiyi canlı qüvvəni əvvəlki sürətlə bərpa etməkdə çətinlik çəkir.
Hesabata əsasən, Ukraynanın ümumi itkiləri isə 525–625 min arasında qiymətləndirilir. Bunun 125–150 mininin ölüm halları olduğu ehtimal edilir.
Tədqiqat müəllifləri bildirirlər ki, son aylarda itkilər nisbəti Rusiyanın xeyrinə daha da pisləşib. Onların hesablamalarına görə, 2026-cı ilin ilk yarısında hər bir ölən, yaralanan və ya itkin düşən ukraynalı hərbçiyə qarşı təxminən səkkiz rus hərbçisi itki verib. Halbuki müharibənin əvvəlki mərhələlərində bu göstərici iki və ya üç rus itkisinə qarşı bir ukraynalı itkisi səviyyəsində idi.
Ekspertlər bunu Ukraynanın pilotsuz uçuş aparatlarından geniş istifadə etməsi, dərin müdafiə strategiyası və cəbhə xəttində dron texnologiyalarının sürətli inkişafı ilə əlaqələndirirlər.
Hesabatda həmçinin qeyd olunur ki, Rusiyanın ağır itkilər verməsinin səbəbləri arasında zəif taktiki hazırlıq, birgə hərbi əməliyyatların effektiv planlaşdırılmaması, korrupsiya, aşağı döyüş ruhu və canlı qüvvənin tükənməsi də yer alır.
CSIS analitiklərinin qənaətinə görə, ümumi itkilərin 2 milyonu keçməsi Rusiya–Ukrayna müharibəsini müasir dövrün ən qanlı silahlı münaqişələrindən birinə çevirib və bu göstərici tarixdə ən ağır döyüşlərdən biri hesab olunan Stalinqrad döyüşünün ümumi itki sayını da geridə qoyur.
Mənbə: CNN

