Bugun.tv xəbər verir ki, mütəxəssislər yay istilərində orqanizmin susuz qalmasının ciddi sağlamlıq problemlərinə səbəb ola biləcəyi barədə xəbərdarlıq ediblər. The Guardian nəşrinin hazırladığı məqalədə bildirilib ki, yüksək temperatur zamanı susuzluq hissini gözləmək düzgün yanaşma deyil, çünki bu hiss yarandıqda orqanizm artıq müəyyən miqdarda maye itirmiş olur.
Mütəxəssislərin sözlərinə görə, isti hava şəraitində orqanizm bədən temperaturunu aşağı salmaq üçün daha çox tərləyir. Bu proses zamanı yalnız su deyil, natrium, kalium və digər minerallar da itirilir. Nəticədə baş ağrısı, halsızlıq, diqqətin azalması, fiziki zəiflik və ağır hallarda istilik vurması riski artır.
Alimlər gün ərzində müntəzəm şəkildə su qəbul etməyi tövsiyə edirlər. Onların fikrincə, birdəfəyə çox su içməkdənsə, gün ərzində az-az, lakin tez-tez maye qəbul etmək daha faydalıdır. Xüsusilə səhər saatlarında orqanizmin gecə ərzində itirdiyi mayenin bərpası vacib hesab olunur.
Araşdırmada qeyd edilir ki, adi içməli su əksər insanlar üçün kifayətdir. Elektrolit tərkibli içkilərə əsasən uzun müddət fiziki fəaliyyət göstərən, çox tərləyən və ya isti havada ağır işlə məşğul olan şəxslərin ehtiyacı ola bilər.
Mütəxəssislər qazlı və şəkərli içkilərin susuzluğu tam aradan qaldırmadığını bildirirlər. Meyvə şirələri və süd müəyyən qədər faydalı olsa da, onların yüksək şəkər və kalori tərkibi nəzərə alınmalıdır. Ən yaxşı seçim otaq temperaturunda və ya bir qədər sərin içməli sudur.
Çay və qəhvə ilə bağlı geniş yayılmış fikirlərə də aydınlıq gətirilir. Mütəxəssislər bildirirlər ki, normal miqdarda qəbul edilən çay və qəhvə orqanizmi susuzlaşdırmır. Hətta bəzi hallarda isti çay tərləməni artıraraq bədənin soyumasına kömək edə bilər. Lakin bu təsir yalnız havanın rütubəti yüksək olmadıqda müşahidə edilir.
Spirtli içkilərə gəlincə isə, ekspertlər isti havalarda onların ehtiyatla qəbul edilməsini tövsiyə edirlər. Alkoqol orqanizmdən maye itkisini artırdığı üçün susuzlaşma riskini yüksəldə bilər.
Mütəxəssislər vurğulayırlar ki, isti havalarda sağlam qalmağın ən vacib şərti susuzluğu hiss etməyi gözləmədən gün ərzində kifayət qədər su qəbul etməkdir.
Mənbə: The Guardian

