Milli Məclisin deputatı Ceyhun Məmmədov Azərbaycan–Latviya münasibətlərinin hazırkı vəziyyəti və perspektivləri ilə bağlı sosial media hesabında paylaşım edib. Deputat bildirib ki, Latviya Prezidenti Edqars Rinkeviçsin Azərbaycana rəsmi səfəri iki ölkə arasında əlaqələrin inkişafında mühüm mərhələ kimi qiymətləndirilməlidir.
Onun sözlərinə görə, bu səfər Azərbaycanın artıq Avropa məkanında etibarlı və strateji tərəfdaş kimi qəbul olunduğunu bir daha nümayiş etdirir. Ceyhun Məmmədov qeyd edib ki, 2017-ci ildə imzalanmış Strateji Tərəfdaşlıq haqqında Bəyannamənin real məzmunla zənginləşdirilməsi və əməkdaşlığın konkret sahələr üzrə genişlənməsi münasibətlərin möhkəm təməllər üzərində qurulduğunu göstərir.
Deputat əlavə edib ki, Bakı ilə Latviya arasında birbaşa uçuşların təşkili istiqamətində aparılan müzakirələr əlaqələrin daha da intensivləşməsinə xidmət edə bilər. Bu addımın turizm, biznes və humanitar sahələrdə əməkdaşlığa əlavə təkan verəcəyi vurğulanıb.
İqtisadi əməkdaşlığa toxunan Ceyhun Məmmədov bildirib ki, Şuşada keçirilən Birgə Hökumətlərarası Komissiyanın iclası və Bakıda təşkil olunan biznes forum tərəflərin investisiya, ticarət və birgə istehsal sahələrində real addımlar atmağa hazır olduğunu göstərir.
Deputat həmçinin humanitar və təhsil sahəsində əməkdaşlığın genişləndirilməsinin əhəmiyyətinə diqqət çəkərək Latviyada təhsil alan azərbaycanlı tələbələrin sayının artmasının münasibətlərin daha da dərinləşməsinə töhfə verdiyini qeyd edib.
Paylaşımda Prezident İlham Əliyevin səsləndirdiyi fikirlərə də istinad edən Ceyhun Məmmədov vurğulayıb ki, Azərbaycan regionda sülh, sabitlik və əməkdaşlığın tərəfdarıdır. Deputat hesab edir ki, qarşılıqlı siyasi iradə və məqsədyönlü siyasət nəticəsində Azərbaycan–Latviya münasibətləri yaxın gələcəkdə daha yüksək səviyyəyə yüksələcək.
