Bugun.tv xəbər verir ki, amerikalı dietoloq və Mayo Klinikasının nutrisiologiya üzrə müəllimi Tara Schmidt menopauza dövrünə daxil olan qadınlara lobya məhsulları və soyanı qidalanma rasionuna daha çox daxil etməyi tövsiyə edib.
Mütəxəssisin sözlərinə görə, bu məhsullar arterial təzyiqin normada saxlanılmasına kömək edir və ürək-damar xəstəliklərinin yaranma riskini azaldır. Tara Şmidt bildirib ki, lobya və soya lif, antioksidant və faydalı mikroelementlərlə zəngindir, bu da ürək və damar sisteminin sağlamlığına müsbət təsir göstərir.
Dietoloq qeyd edib ki, menopauzadan sonra hormonal dəyişikliklər səbəbindən qadınlarda hipertoniya və ürək-damar problemlərinin yaranma ehtimalı artır. Buna görə də lobyanın salatlara, şorbalara və digər yeməklərə müntəzəm əlavə olunması tövsiyə edilir.
Ekspertin izahına görə, liflə zəngin qidaların həzmi zamanı bağırsaqlarda qısa zəncirli yağ turşuları yaranır ki, bunlar da qan təzyiqinin aşağı düşməsinə kömək edə bilər. Bundan əlavə, lobya və soyanın tərkibindəki kalium artıq natriumun orqanizmdən xaric olunmasını sürətləndirərək damarların yükünü azaldır.
Kardioloq Sam Setareh isə vurğulayıb ki, yüksək qan təzyiqi orta və yaşlı qadınlar arasında çox vaxt gizli inkişaf edir və infarkt, insult kimi ciddi fəsadların riskini artırır.
Mənbə: mail.ru
