Bugun.tv xəbər verir ki, ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi etdiyi 2026-cı il FIFA Dünya Kuboku zamanı müxtəlif ölkələrin azarkeşləri tribunlarda və şəhər meydanlarında Fələstinə dəstək aksiyaları keçirirlər.
Məlumata görə, bir sıra oyunlarda azarkeşlər Fələstin bayraqları qaldıraraq Qəzzaya dəstək nümayiş etdirib və İsrailə qarşı etiraz şüarları səsləndiriblər.
Türkiyə millisinin ABŞ üzərində 3:2 hesablı qələbə qazandığı qarşılaşmada tribunlarda açılan Fələstin bayrağı matç boyu diqqət mərkəzində olub və televiziya yayımında dəfələrlə nümayiş etdirilib.
Almaniya – Paraqvay oyununda bir ailə stadiona Fələstin bayraqları ilə gəlib. Fələstin əsilli ABŞ vətəndaşı jurnalistlərə açıqlamasında Dünya Kuboku boyunca Fələstinə dəstəyi davam etdirəcəklərini bildirib.
Mərakeş azarkeşləri Braziliya ilə qarşılaşmadan əvvəl Nyu-Yorkun Tayms Meydanında Fələstin bayraqları qaldıraraq “Fələstinə azadlıq” şüarları səsləndirib, oyun zamanı isə tribunlarda eyni çağırışları davam etdiriblər.
Bosniya və Herseqovina azarkeşləri də İsveçrə ilə oyunda Fələstin bayraqları dalğalandırıb və “Sarayevodan Fələstinə dəstək” yazılmış banner nümayiş etdiriblər.
Qətər, Fransa, Braziliya və Misir yığmalarının azarkeşləri də müxtəlif qarşılaşmalar zamanı Fələstin bayraqları açaraq həmrəylik mesajları veriblər.
Beynəlxalq mediada qeyd olunur ki, Dünya Kuboku ərzində müxtəlif ölkələrin azarkeşləri tərəfindən keçirilən bu aksiyalar turnirin diqqətçəkən ictimai hadisələrindən birinə çevrilib.
Mənbə: Trt.haber
