Qlobal yoxsulluqla bağlı yeni hesabat dünya üzrə milyonlarla insanın hələ də ağır iqtisadi şəraitdə yaşadığını göstərir. Dünya Bankı məlumatına əsasən, dünya əhalisinin təxminən 8,5 faizi ifrat yoxsulluq həddindədir.
Hesabata görə, təxminən 700 milyon insan gündə 2,15 dollardan az gəlirlə yaşayır. Birləşmiş Millətlər Təşkilatı isə bildirir ki, 2019-cu ildən bu yana yoxsulluğun azaldılması istiqamətində demək olar ki, heç bir irəliləyiş qeydə alınmayıb.
Pandemiya və sonrakı qlobal böhranlar yoxsulluğun artmasına ciddi təsir göstərib. Xüsusilə Cənubi Asiya və Saharaaltı Afrika regionlarında vəziyyət daha ağır olaraq qalır.
Reytinqə əsasən, dünyanın ən yoxsul ölkəsi Cənubi Sudan olub – burada adambaşına düşən ÜDM cəmi 251 dollar təşkil edir. Onu Yəmən (417 dollar) və Burundi (490 dollar) izləyir.
Siyahıda növbəti yerlərdə Mərkəzi Afrika Respublikası, Malavi, Madaqaskar, Sudan, Mozambik, Konqo Demokratik Respublikası və Niger yer alır.
Mütəxəssislər qeyd edir ki, son 25 ildə Şərqi Asiya və Cənubi Asiya bölgələrində yoxsulluğun azalması müşahidə olunsa da, son illərdə bu proses xeyli zəifləyib.
Proqnozlara görə, 2030-cu ilə qədər dünya əhalisinin təxminən 7,3 faizi hələ də ifrat yoxsulluq şəraitində yaşayacaq.
Mənbə: EnSonHaber
