Səhiyyə

Əhval-ruhiyyəni yaxşılaşdırmağın və enerjini artırmağın sadə yolu açıqlanıb

Qısa müddətli rəqəmsal “detoks” insanın əhval-ruhiyyəsini yaxşılaşdıra və enerji səviyyəsini artıra bilər. Bu nəticəyə Almaniyanın Mayns şəhərində yerləşən İohann Qutenberq Universiteti və Erlangen–Nürnberq Universitetinin alimləri gəliblər. Araşdırma Communication Research jurnalında dərc olunub.

Tədqiqatçılar məcburi deyil, könüllü şəkildə rəqəmsal mediadan uzaqlaşmanın insanın özünü necə hiss etməsinə təsir etdiyini araşdırıblar. Bunun üçün 18–35 yaş aralığında olan 237 könüllü iki həftə ərzində gün ərzində bir neçə dəfə rəqəmsal cihazlardan istifadə edib-etmədiklərini, onları şüurlu şəkildə kənara qoyub-qoymadıqlarını, eyni zamanda əhval-ruhiyyə, enerji və stress səviyyələrini qiymətləndiriblər. Ümumilikdə 12 mindən çox gündəlik vəziyyət təhlil edilib.

Məlum olub ki, iştirakçılar smartfonu bir kənara qoyduqları, bildirişləri söndürdükləri və ya uçuş rejimini aktiv etdikləri anlarda özlərini daha enerjili və sosial baxımdan daha fəal hiss ediblər. Lakin bu müsbət təsir zəif olub və iki-üç saat sonra itib. Araşdırma zamanı rəqəmsal fasilə ilə stress səviyyəsinin azalması arasında isə əlaqə aşkar edilməyib.

Tədqiqatda tam şəkildə bütün cihazlardan imtina hallarının nadir olduğu da müəyyən edilib. İnsanlar daha çox ekranlar arasında keçid ediblər – məsələn, telefonu kənara qoyub, lakin noutbukdan istifadəni davam etdiriblər. Bu isə rəqəmsal fasilə ilə media istifadəsinin eyni vaxtda baş verə bildiyini göstərir.

Alimlər vurğulayır ki, əsas amil smartfondan imtinanın səbəbidir. Əgər insan bu qərarı özü verirsə və bunu şəxsi seçim kimi qəbul edirsə, əhval-ruhiyyəyə müsbət təsir daha güclü olur. Əksinə, məcburi məhdudiyyətlər zamanı psixoloji vəziyyət hətta pisləşə bilər.

Mütəxəssislərin fikrincə, “telefondan az istifadə edin” kimi ümumi tövsiyələr hər zaman effektiv olmur. İnsan rifahı üçün əsas olan rəqəmsal detoksun özü deyil, texnologiyadan istifadə zamanı şəxsi nəzarət və seçim azadlığıdır.

Mənbə: mail.ru

Aynur Camal

Oxşar xəbərlər

Alimlər: Fruktoza orqanizmdə iltihabı və narahatlığı artıra bilər

Aynur Camal

Göbələklər gözləniləndən daha faydalı çıxdı

Aynur Camal

Xərçəng riskini azaltmaq üçün 11 vacib addım

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu