Siyasi ekspert Məhəmməd Əsədullazadə ABŞ-İran münasibətləri ilə bağlı sosial media hesabında şərh verib. Onun sözlərinə görə, danışıqlarda Tehran məğlub tərəf kimi deyil, qalib kimi masada əyləşərək öz şərtlərini diktə edir.
Ekspert bildirib ki, əgər ABŞ İrana hücum edərsə, İran Bəhreynə və Birləşmiş Ərəb Əmirliklərinə birbaşa quru qoşunları ilə hücum edə bilər. İranın Bəhreyini işğal etməsi regionda eskalasiyanın daha da genişlənməsinə gətirib çıxara bilər.
Əsədullazadənin fikrincə, İran rejimi daxili vəziyyətdən arxayın olduğu üçün bu müharibəyə tam hazırlaşıb. Ona görə də müdafiədən hücuma keçəcək.
O qeyd edib ki, ABŞ-ın İranda hərbi yolla rejimi dəyişməsi mümkün görünmür. ABŞ-ın İrana bağlı hərbi kampaniyası atəşkəslə fiyaskoya uğradı. Əgər hərbi əməliyyatlar bir neçə ay davam edərdisə, ölkədə çətin iqtisadi və sosial vəziyyət yaranacaqdı.
Ekspert hesab edir ki, D. Trampın bir növ atəşkəsə getməsi Tehranın nəfəs almasına və güclənməsinə gətirib çıxardı. Çin və Rusiya İrana hərbi logistika dəstəyi göstərməklə ABŞ-ı Fars körfəzində strateji böhrana yuvarlayıblar.
Onun sözlərinə görə, tərəflər siyasi iradə nümayiş etdirib ortaq məxrəcə gələ bilərlər. Bunun üçün ABŞ İranın elmi məqsədlər üçün nüvəni zənginləşdirməsinə razı olmalıdır.
