günəş sobası, günəş ocağı, günəş enerjisi ilə yemək, Braziliya alimləri, alternativ enerji, elektrik enerjisi, qazsız yemək bişirmək, günəş texnologiyası
Dünya

Elektrik də yoxdur, qaz da: Braziliyada yeməklər yalnız günəş işığı ilə bişiriləcək

Bugun.tv xəbər verir ki, Braziliyada alimlər elektrik enerjisi, qaz və fotovoltaik panellərdən istifadə etmədən, yalnız günəş işığı ilə yemək bişirməyə imkan verən aşağı xərcli günəş sobaları və ocaqları hazırlayıblar.

Sistem Braziliyanın Federal Rio Grande do Norte Universitetinin (UFRN) tədqiqatçıları tərəfindən hazırlanıb. Layihənin əsas məqsədi xüsusilə enerji xərclərinin yüksək olduğu dövrdə ailələr üçün daha ucuz və alternativ yemək bişirmə üsulu yaratmaqdır.

Günəş şüaları birbaşa istiliyə çevrilir

Hazırlanan sistemin iş prinsipi nisbətən sadədir. Xüsusi əks etdirici səthlər və güzgülər günəş şüalarını toplayaraq onları müəyyən bir nöqtəyə yönəldir. Burada günəş enerjisi yüksək temperatura malik istiliyə çevrilir və həmin istilik yemək bişirmək üçün istifadə olunur.

Tədqiqatçılar bildirirlər ki, sistemdən su qızdırmaq, yemək hazırlamaq, ərzaqları qurutmaq və sobada müxtəlif məhsullar bişirmək üçün istifadə etmək mümkündür.

Bəzi modellərdə istiliyi daxildə saxlamaq üçün qapalı konstruksiyalardan istifadə edilir. Bu isə günəşdən əldə edilən istilik enerjisinin daha səmərəli şəkildə yeməyə ötürülməsinə imkan verir.

Eyni anda 9 keks bişirildi

Sistemin imkanlarını nümayiş etdirmək üçün aparılan sınaqlardan birində sobaya eyni vaxtda 9 keks yerləşdirilib. Keksələrin hamısı yalnız günəş enerjisindən istifadə etməklə təxminən 1 saat 30 dəqiqəyə bişirilib.

Tədqiqatçılar qeyd edirlər ki, adi soba eyni işi təxminən 20 dəqiqə daha tez görə bilər. Lakin günəş sobasının eyni vaxtda 9 qabı qəbul edə bilməsi onun böyük tutumlu alternativ sistem kimi potensialını göstərir.

Dörd gözlü günəş ocağı da hazırlanıb

Araşdırmaçılar yalnız bir nöqtədə yemək bişirən sistemlərlə kifayətlənməyiblər. UFRN laboratoriyasında eyni anda dörd fərqli yeməyin hazırlanmasına imkan verən dörd gözlü günəş ocağı da hazırlanıb.

Sistemin hazırlanmasında sənaye tullantıları və jüt lifləri kimi materiallardan istifadə edilib. Bu yanaşmanın məqsədi günəş ocaqlarının həm istehsal xərclərini azaltmaq, həm də onları gündəlik mətbəx istifadəsinə daha yaxınlaşdırmaqdır.

Əsas üstünlük yanacaq tələb etməməsidir

Günəş ocaqlarının əsas üstünlüyü qaz və elektrik enerjisinə ehtiyac yaratmamasıdır. Bu, xüsusilə enerji xərclərinin ailə büdcəsinə ciddi təsir etdiyi bölgələrdə belə texnologiyaları maraqlı alternativə çevirə bilər.

Bununla belə, sistemin mühüm məhdudiyyəti də var. Tədqiqatçıların sınaqlarında günəş ocaqları əsasən 09:00–14:00 arasında, günəş şüalarının kifayət qədər güclü olduğu vaxtlarda daha səmərəli işləyib.

Bu səbəbdən texnologiyanın hazırkı formada qaz və ya elektrik sobasını tam əvəz etməsi mümkün deyil. Günəş işığının zəif olduğu buludlu havalarda və gecə saatlarında sistemdən istifadə imkanları məhdudlaşır.

Buna baxmayaraq, Braziliyada hazırlanmış günəş ocaqları enerji sərfiyyatını azaltmaq və alternativ yanacaq mənbələrindən istifadə etmək baxımından perspektivli texnologiyalardan biri hesab olunur.

Mənbə:  EnSonHaber

Aynur Camal

Oxşar xəbərlər

Həkim açıqladı: Bu növ şaurmanı hər gün yemək olar

Aynur Camal

İnsan beyninin yanında yeni immun müdafiə mərkəzi aşkarlandı: onun vəzifəsi nədir?

Aynur Camal

ABŞ ordusunda qeyri-adi təşviq: Müqaviləni uzadan əsgərlər GTA 6 oynaya biləcək

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu