Dünya

Rusiya Kiyevə ağır zərbələr endirdi: ölənlərin sayı 15-ə çatdı

Bugun.tv xəbər verir ki, Rusiya ordusunun Ukraynanın paytaxtı Kiyevə həyata keçirdiyi genişmiqyaslı raket və pilotsuz uçuş aparatı hücumu nəticəsində azı 15 nəfər həyatını itirib, 30-dan çox insan yaralanıb.

The Guardian yazır ki, hücum müharibənin başlanmasından bəri Kiyevə qarşı həyata keçirilən ən ağır hava zərbələrindən biri olub. Rusiya qüvvələri gecə saatlarından başlayaraq paytaxta müxtəlif tipli ballistik, qanadlı və hipersəs raketləri, həmçinin yüzlərlə pilotsuz uçuş aparatı ilə hücum edib.

Kiyev meri Vitali Kliçko bildirib ki, şəhərin bir neçə rayonunda yaşayış binaları, məktəb və uşaq tibb müəssisəsi də daxil olmaqla müxtəlif obyektlərə ziyan dəyib. Xüsusilə Solomyanski rayonunda çoxmərtəbəli yaşayış binasına zərbə endirilməsi nəticəsində insanlar dağıntılar altında qalıb.

Ukrayna Hərbi Hava Qüvvələrinin məlumatına görə, gecə ərzində Rusiyanın onlarla raket və 168 pilotsuz uçuş aparatı atdığı bildirilir. Ukrayna tərəfi 46 qanadlı raketdən 41-nin və 145 pilotsuz uçuş aparatının zərərsizləşdirildiyini açıqlayıb. Lakin yüksək sürətli ballistik raketlərin qarşısının alınmasının daha çətin olduğu qeyd edilib.

Ukrayna Prezidenti Volodimir Zelenski hücumu genişmiqyaslı adlandıraraq Rusiyanın müxtəlif növ raket və dronları eyni vaxtda tətbiq etməklə mülki infrastruktura mümkün qədər çox ziyan vurmağa çalışdığını bildirib. O, Ukraynanın ballistik raketlərdən müdafiə imkanlarının artırılmasının vacibliyini vurğulayıb.

Hücum nəticəsində Kiyev vilayətinin Brovarı rayonunda da ölən və yaralananların olduğu bildirilib. Bundan başqa, Kiyevin şərqində yerləşən Borispol ərazisində anbarlara, o cümlədən Ukrayna Qızıl Xaçının istifadə etdiyi obyektlərdən birinə zərbə dəydiyi açıqlanıb.

Ukrayna tərəfi Rusiyanın hücum zamanı “Kinzhal”, “Zirkon”, “İsgəndər”, KN-23 və “Kalibr” raketlərindən, eləcə də “Şahed” tipli pilotsuz uçuş aparatlarından istifadə etdiyini bildirib.

Hücumun nəticələri Ukraynanın hüdudlarından kənarda da hiss olunub. Rumıniya Müdafiə Nazirliyi Ukrayna sərhədi yaxınlığında hava hədəflərinin aşkarlandığını və pilotsuz uçuş aparatının Rumıniyanın hava məkanına daxil olduğunu açıqlayıb. Polşa isə Ukrayna ilə sərhədə yaxın ərazilərdə hava məkanının qorunması məqsədilə hərbi aviasiyanı və hava hücumundan müdafiə sistemlərini hərəkətə gətirib.

Eyni zamanda Rusiya Ukraynanın Moskva istiqamətində genişmiqyaslı dron hücumu həyata keçirdiyini açıqlayıb. Moskva meri Sergey Sobyaninin sözlərinə görə, çərşənbə axşamından cümə axşamına qədər Moskva vilayətinə doğru təxminən 250 pilotsuz uçuş aparatı hərəkət edib və onların böyük hissəsi şəhərdən uzaqda məhv edilib.

Tərəflərin qarşılıqlı hücumları davam etdirdiyi bir vaxtda mülki ərazilərin və infrastrukturun zərər görməsi bölgədə təhlükəsizlik narahatlıqlarını artırır.

Mənbə: The Guardian

Aynur Camal

Oxşar xəbərlər

Dünyanın ən küləkli şəhərinə uçuş niyə bu qədər çətindir

Aynur Camal

Çində minlərlə dollara çəkilən film gözlənilmədən kino hitinə çevrildi

Aynur Camal

Tramp Kim Çen Inla görüşəcək? Şimali Koreyadan gözlənilməz addım

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu