Bugun.tv xəbər verir ki, Türkiyənin Antalya şəhərində keçirilən COP31 iqlim konfransında elektrik enerjisinin dünya üzrə ümumi enerji istehlakındakı payının 2035-ci ilədək 35 faizə çatdırılması təşəbbüsü müzakirəyə çıxarılıb.
“Le Monde” nəşrinin noyabrın 11-də yaydığı məlumata görə, təşəbbüsə Türkiyə və Avstraliya rəhbərlik edir. Hazırda elektrik enerjisi qlobal son enerji istehlakının təxminən 23 faizini təşkil edir. Yeni hədəfə çatmaq üçün elektrikləşmənin indiki sürəti təxminən dörd dəfə artırılmalıdır.
Plan nəqliyyatda benzinlə işləyən avtomobillərin elektrik avtomobilləri ilə, qazla çalışan istilik sistemlərinin isə elektrik istilik nasosları ilə əvəz edilməsini əhatə edir. Bu dəyişikliklərin istixana qazı emissiyalarını azaltmaqla yanaşı, ölkələrin idxal olunan yanacaqdan asılılığını da zəiflədə biləcəyi bildirilir.
Bununla belə, təşəbbüs ətrafında fikir ayrılıqları mövcuddur. Bir sıra ölkələr elektrikləşmənin yalnız təmiz və bərpaolunan enerji hesabına həyata keçirilməsinin vacibliyini vurğulayır. Çünki elektrik istehsalında kömür və qazdan istifadə davam edərsə, gözlənilən iqlim faydası məhdud qala bilər.
Mənbə: Le Monde
