Bugun.tv xəbər verir ki, Fransada müxalifətdə olan Boyun Əyməyən Fransa (LFI) partiyasının deputatı Tomas Portes bu il Avstriyada keçiriləcək Eurovision Mahnı Müsabiqəsinin Fransada yayımlanmamasına çağırıb. Deputat bu çağırışı İsrailin yarışmada iştirakına etiraz olaraq etdiyini bildirib.
Portes Milli Assambleyada jurnalistlərə açıqlamasında qeyd edib ki, Eurovision uzun illərdir sülh, həmrəylik və xalqlar arasında dostluq mesajı verən tədbir kimi təqdim olunur. O, Qəzzada davam edən hadisələr fonunda İsrailin yarışmada iştirakının bu prinsiplərlə ziddiyyət təşkil etdiyini deyib.
Fransız deputat bildirib ki, “İsrailin Eurovision-da yeri yoxdur” və yarışmanın belə şəraitdə keçirilməsi insan haqları məsələləri ilə bağlı ciddi suallar yaradır. O, İspaniya, Hollandiya, Sloveniya, İslandiya və İrlandiyanın İsrailin iştirakına etiraz olaraq boykot qərarı verməsini dəstəklədiyini vurğulayıb.
Portes həmçinin Fransanın dövlət yayımçısı olan “France Televisions” kanalına müraciət edərək, müsabiqənin ölkədə yayımlanmamasını istəyib. Onun sözlərinə görə, bu addım “mübahisəli siyasətlərin legitimləşdirilməsinin qarşısını almaq” məqsədi daşıyır.
Qeyd edək ki, 2026-cı il Eurovision Mahnı Müsabiqəsi mayın 12-16-da Avstriyanın paytaxtı Vyanada keçiriləcək. Son həftələrdə Avropanın müxtəlif ölkələrində İsrailin müsabiqədən uzaqlaşdırılması ilə bağlı etiraz aksiyaları və boykot çağırışları artıb.
Mənbə: Trt.haber
