ABŞ-da yaşayan 22 yaşlı gənc ixtiraçı Julian Brown plastik tullantıları yüksək oktanlı yanacağa çevirdiyini iddia etdiyi innovativ sistem hazırlayıb.
Bugun.tv xəbər verir ki, Brown “Plastoline” adlandırdığı layihədə mikrodalğa dəstəkli piroliz texnologiyasından istifadə edir. Bu üsul plastiklərin oksigensiz mühitdə qızdırılaraq molekulyar bağlarının parçalanmasına və nəticədə yanacaq kimi istifadə oluna bilən mayenin əldə edilməsinə imkan verir.
Gənc ixtiraçı plastik tullantıları “zibil deyil, resurs” adlandıraraq layihənin həm tullantıların azaldılmasına, həm də enerji istehsalına töhfə verə biləcəyini bildirib.
Lakin enerji və ekoloji ekspertlər texnologiyanın hələ eksperimental mərhələdə olduğunu vurğulayırlar. Onların sözlərinə görə, əldə olunan məhsulun kommersiya məqsədli yanacaq kimi istifadəsi üçün təhlükəsizlik, emissiya və keyfiyyət standartlarına uyğunluğu geniş sınaqlarla təsdiqlənməlidir.
Mütəxəssislər həmçinin plastiklərin yanacağa çevrilməsinin tullantı problemini qismən həll etsə də, karbon emissiyalarını tam aradan qaldırmadığını qeyd edirlər.
Mənbə: Ensonhaber
