Bugun.tv xəbər verir ki, G7 ölkələrinin liderləri qlobal enerji bazarlarında sabitliyi təmin etmək və yüksələn yanacaq qiymətlərini azaltmaq məqsədilə strateji ehtiyatlardan 100 milyon barel neft və dizel yanacağının bazara çıxarılması barədə razılığa gəliblər.
Anadolu Agentliyinin məlumatına görə, qərar G7 liderlərinin onlayn görüşündən sonra açıqlanıb. Tədbirlərin Beynəlxalq Enerji Agentliyinin (IEA) koordinasiyası ilə həyata keçirilməsi və ehtiyatların dörd ay ərzində mərhələli şəkildə bazara çıxarılması nəzərdə tutulur.
Razılaşmaya əsasən, ilk 20 gün ərzində əhəmiyyətli həcmdə dizel yanacağı bazara təqdim ediləcək. G7 ölkələri həmçinin neft emalı zavodlarında texniki xidmət qrafiklərini əlaqələndirməyi və mümkün olan müəssisələrdə istehsal gücünü müvəqqəti artırmağı planlaşdırırlar.
Bununla yanaşı, ölkələr arasında enerji və enerji məhsullarının ixracına məhdudiyyət qoyulmaması barədə öhdəlik təsdiqlənib. Beynəlxalq Enerji Agentliyindən görülən tədbirlərin bazara təsirini izləmək və ehtiyatların gələcəkdə yenidən doldurulması ilə bağlı təkliflər hazırlamaq istənilib.
G7 liderləri Hörmüz boğazında gəmiçilik hüquqlarının bərpa olunmasına çağırıb, Rusiyaya qarşı sanksiyaların davam etdiriləcəyini bildiriblər. Onlar enerji qiymətlərindəki dəyişiklikləri yaxından izləyəcəklərini və zərurət yaranarsa, əlavə tədbirlər görəcəklərini qeyd ediblər.
Mənbə: Anadolu Agentliyi
