Bugun.tv xəbər verir ki, Fransanın Evian-le-Ben şəhərində keçirilən G7 sammitində İranla bağlı son razılaşma, Ukraynadakı müharibə, süni intellekt texnologiyalarının inkişafı və qlobal iqtisadi təhlükəsizlik məsələləri əsas müzakirə mövzularına çevrilib.
Məlumata görə, Fransa Prezidenti Emmanuel Makronun ev sahibliyi etdiyi üçgünlük sammitdə ABŞ Prezidenti Donald Tramp, Ukrayna Prezidenti Volodimir Zelenski və dünyanın aparıcı sənaye ölkələrinin liderləri iştirak edirlər.
Zirvə öncəsi ABŞ və İran arasında əldə olunan razılaşma, xüsusilə Hörmüz boğazının yenidən açılması və enerji bazarlarında sabitliyin bərpası baxımından diqqət mərkəzindədir.
Avropa liderləri ABŞ və İran arasında əldə olunan memorandumun diplomatik irəliləyiş olduğunu vurğulayaraq, dəniz nəqliyyatının maneəsiz bərpasının qlobal iqtisadiyyat və regional sabitlik üçün mühüm əhəmiyyət daşıdığını bildiriblər.
Sammit çərçivəsində Ukraynadakı müharibənin gedişi də müzakirə olunacaq. Ukrayna Prezidenti Volodimir Zelenskinin liderlərlə görüşlər keçirərək ölkəsinə beynəlxalq dəstəyin gücləndirilməsi məsələsini gündəmə gətirəcəyi gözlənilir.
G7 liderlərinin diqqət yetirəcəyi digər mühüm mövzulardan biri süni intellekt texnologiyalarının inkişafı və tənzimlənməsidir. Bu məqsədlə OpenAI rəhbəri Sem Altman, Anthropic şirkətinin rəhbəri Dario Amodei və Mistral AI şirkətinin qurucusu Artur Menş də sammitə dəvət olunublar.
Bununla yanaşı, Çinlə ticarət münasibətləri, qlobal iqtisadi balans, enerji təhlükəsizliyi və texnologiya sahəsində əməkdaşlıq məsələlərinin də sammitin əsas mövzuları sırasında yer aldığı bildirilir.
Mənbə: EuroNews
