Bugun.tv xəbər verir ki, Google şirkəti şəxsi əşyaların yerini müəyyənləşdirməyə kömək edən yeni Pixel Tag izləmə cihazını satışa çıxarıb. Kiçik ölçülü qurğu açar, pulqabı və çanta kimi əşyaların itməsi və yerinin unudulması hallarının qarşısını almaq üçün nəzərdə tutulub.
“Hi-Tech Mail” nəşrinin məlumatına görə, cihaz noyabrın 11-dən satışa təqdim olunub. Bir ədəd Pixel Tag-ın qiyməti 29,99 dollar, dörd ədəddən ibarət dəstin qiyməti isə 99,99 dollardır.
Qurğu Google-un Find Hub izləmə şəbəkəsi vasitəsilə işləyir. Əşya istifadəçidən uzaqda olduqda, dünya üzrə bir milyarddan çox Android cihazını birləşdirən şəbəkə onun yerini müəyyənləşdirməyə kömək edir. Yaxın məsafədə isə uyğun telefonlarda ultragenişzolaqlı (UWB) texnologiyası vasitəsilə cihazın dəqiq məsafəsini və istiqamətini görmək mümkündür.
Pixel Tag Android 9 və daha yeni əməliyyat sistemləri ilə işləyən telefonlarla uyğundur. Batareyasının bir ildən çox işlədiyi bildirilir. Cihazın suya və toza qarşı IP67 qoruma səviyyəsi də var. Onu açarlara və digər əşyalara bərkitmək üçün əlavə aksesuar tələb olunur.
Mənbə: mail.ru
