25 C
Baku
27 İyul 2024, 4:19
Dünya

Gürcüstan küçələrində xaos davam edir

Gürcüstanda hökumətin parlamentə təqdim etdiyi “xarici təsirin şəffaflığı haqqında” qanun layihəsinə qarşı nümayişlər davam edir.

Məlumatda bildirilir ki, paytaxt Tbilisidə etirazlar Pasxa gecəsindən başlayıb.

Parlament binası qarşısına toplaşan nümayişçilər əllərində qanuna zidd plakatlar, həmçinin Gürcüstan və Avropa İttifaqının (Aİ) bayraqları tutublar.

Nümayişçilər daha sonra parlament binası qarşısındakı “Kaşveti” kilsəsində Pasxa mərasimində iştirak ediblər.

Şota Rustaveli küçəsi kilsə qarşısında yaranan sıxlıq səbəbindən nəqliyyatın hərəkətinə bağlanıb.

Gürcüstanda hökumətin yenidən parlamentə təqdim etdiyi “xarici təsirin şəffaflığı haqqında” qanun layihəsinə qarşı etirazlar 3 həftəyə yaxındır ki, davam edir.

Mayın 1-də və 2-də keçirilən nümayişlərdə parlament binasının qapılarını mühasirəyə almağa cəhd edən və binanın qarşısında barrikada quran nümayişçilərə Daxili İşlər Nazirliyinə bağlı təhlükəsizlik qüvvələri bibər qazı və təzyiqli su ilə müdaxilə edib.

Hakim Gürcü Arzusu Partiyasının parlamentə təqdim etdiyi “xarici təsirin şəffaflığı haqqında” qanun layihəsi mayın 1-də ikinci səsvermədən keçib.

Qanun layihəsinin qanuna çevrilməsi üçün parlament üç dəfə təsdiq etməlidir.

Parlament çoxluğunun lideri Mamuka Mdinaradze təxminən bir ay əvvəl verdiyi açıqlamada Gürcüstanda fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının maliyyələşdirilməsinin 90 faizindən çoxunun şəffaf olmadığını müdafiə edib.

Qanun layihəsinin məzmununun ötənilki qanun layihəsi ilə eyni olduğunu bildirən Mdinaradze “xarici təsir agenti” əvəzinə “xarici gücün maraqlarını güdən təşkilat” anlayışından istifadə ediləcəyini bildirib.

Hakim Gürcü Arzusu Partiyası “xarici təsirin şəffaflığı” qanun layihəsini ilk dəfə 2023-cü ilin martında parlamentə təqdim edib.

Qanun layihəsində nəzərdə tutulurdu ki, vəsaitlərinin 20 faizindən çoxunu xaricdən alan gürcü təşkilatları “xarici agent” kimi qeydiyyatdan keçməlidirlər, əks halda cərimələr gözləyir.

Müxalifət və prezident Salome Zurabişvili qanun layihəsinin Rusiyanın göstərişi ilə hazırlandığını iddia edərək, onun ləğvini tələb etmişdi.

Müxaliflər qanun layihəsinin ləğvi üçün nümayişlərə başlasa da, parlamentdə deputatlar arasında dava düşüb, Tbilisi küçələrində etiraz aksiyaları keçirilib.

Nümayişlər böyüdükcə Gürcü Arzusu Partiyası parlamentdə ilkin təsdiqini almış qanun layihəsini geri götürüb.

Mənbə: Ahaber

Aynur Camal

Oxşar xəbərlər

“Biz bu fırtınaları ancaq beş və ya 10 ildən bir görə bilərik”

Sevinc Sadıqova

ABŞ-da havaya qalxan zaman təyyarənin mühərrik qapağı çıxıb və qanad qapağına dəyib

İntizar Əmirova

Daşqın nəticəsində ölənlərin sayı 36-ya çatdı

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu