Rusiyalı oftalmoloq Angelina Kazantseva yaz mövsümündə kontakt linzaların gözlər üçün əlavə risk yarada biləcəyini bildirib.
Bugun.tv xəbər verir ki, mütəxəssis bu dövrdə linza əvəzinə eynək istifadəsini daha təhlükəsiz hesab edir.
Həkimin sözlərinə görə, yaz aylarında külək, toz, polen və quru hava gözlərin vəziyyətinə mənfi təsir göstərir. Bu şəraitdə kontakt linzalar quruyaraq narahatlıq yarada, yerindən sürüşə və ya altına xırda hissəciklərin düşməsinə səbəb ola bilər.
Kazantseva qeyd edib ki, eynəklər fiziki baryer rolunu oynayaraq külək və tozun təsirini qismən azaldır. Xüsusilə iri çərçivəli və üzə yaxın modellər gözləri daha yaxşı qoruyur.
Mütəxəssis bildirib ki, yazda göz yaşı təbəqəsi daha qeyri-sabit olur və kontakt linzalar əlavə olaraq nəmi çəkərək günün sonunda “quru göz” sindromunu gücləndirə bilər. Bundan başqa, linzaların səthində allergenlər və zülal qalıqları toplanaraq allergiya əlamətlərini artıra bilər.
Həkim kontakt linzalardan tam imtinanın vacib olmadığını da vurğulayıb. Onun sözlərinə görə, sakit hava şəraitində, qısa müddətli açıq hava istifadəsində və nəmləndirici damcılarla birlikdə linzalardan istifadə mümkündür.
Kazantseva ən optimal variant kimi “küçədə eynək, qapalı məkanda linza” yanaşmasını tövsiyə edib.
Mənbə: mail.ru
