Bugun.tv xəbər verir ki, qidalanmada həddindən artıq zülala üstünlük verilməsi böyrəklərin fəaliyyətinə əlavə yük yarada və uzun müddət davam etdikdə onların funksiyasına mənfi təsir göstərə bilər. Həkimlər xüsusilə xroniki böyrək xəstəliyi olan insanlara gündəlik zülal miqdarına diqqət yetirməyi tövsiyə edirlər.
ABŞ-nin Parade nəşrinin yaydığı məlumata görə, terapevt Coşua Kinyones zülalın orqanizm üçün vacib olduğunu, lakin normadan artıq qəbulunun həmişə fayda vermədiyini bildirib.
Zülal əzələ kütləsinin qorunmasına, fiziki fəaliyyətdən sonra bərpaya və toxluq hissinin daha uzun müddət davam etməsinə kömək edir. Lakin orqanizm artıq zülalı ehtiyat şəklində saxlaya bilmir. Onun parçalanması zamanı yaranan sidik cövhəri kimi maddələr böyrəklər vasitəsilə xaric olunur.
Həkimin sözlərinə görə, zülalın uzun müddət normadan artıq qəbulu böyrəklərdə hiperfiltrasiya adlanan prosesə səbəb ola bilər. Bu zaman böyrəklərin süzücü strukturları daha intensiv işləyir. Davamlı yük isə zamanla həmin strukturların zədələnməsinə və böyrəklərin fəaliyyətinin zəifləməsinə şərait yarada bilər.
Mütəxəssislər zülalın yalnız miqdarına deyil, mənbəyinə də diqqət yetirməyi məsləhət görürlər. Paxlalılar, qoz-fındıq və toxumlar faydalı qida seçimləri hesab olunur. Qırmızı və emal olunmuş ətin müntəzəm, həddindən artıq istehlakı isə bəzi tədqiqatlarda böyrək problemlərinin yüksək riski ilə əlaqələndirilib.
Protein tozlarından istifadə edənlər də ehtiyatlı olmalıdırlar. Bir porsiyada 20–30 qram zülal ola bilər. Bu məhsullar onsuz da zülalla zəngin qidalanmaya əlavə edildikdə gündəlik ehtiyacın aşılmasına səbəb ola bilər.
Həkimlər vurğulayırlar ki, sağlam insanın bir dəfə zülalla zəngin yemək yeməsi öz-özlüyündə təhlükə yaratmır. Əsas məsələ zülalın miqdarını fərdi ehtiyaca uyğunlaşdırmaqdır.
Mənbə: Mail.ru
