Bugun.tv– xəbər verir ki, İlham Əliyev Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə iştirak edən digər prezidentlərlə birlikdə Turkistan şəhərində yerləşən Həzrət Sultan Muzey-Qoruğu ilə tanış olub.
Dövlət başçılarına muzey-qoruq haqqında ətraflı məlumat verilib.
Bildirilib ki, “Həzrət Sultan” Milli Tarix-Mədəniyyət Muzey-Qoruğu 1989-cu ildə yaradılıb və burada Türk dünyasının zəngin tarixi-mədəni irsi qorunur.
Qeyd olunub ki, muzeydə fəaliyyət göstərən “Nadir Eksponatlar Zalı” Qazaxıstanın ən mühüm muzey və sərgi layihələrindən biri hesab edilir. Məqsəd orta əsrlərə aid tarixi irsi qorumaq və gələcək nəsillərə çatdırmaqdır.
Muzey-qoruğun kolleksiyasında 26 mindən çox eksponat saxlanılır. Eksponatların böyük hissəsini qədim artefaktlar təşkil edir.
Daha sonra dövlət başçıları Xoca Əhməd Yasəvinin məqbərəsi ilə tanış olublar.
Məlumata görə, məqbərə XIV əsrin sonunda görkəmli sufi şairi və mütəfəkkiri Xoca Əhməd Yasəvinin dəfn olunduğu ərazidə Timurun göstərişi ilə inşa edilib.
Mərkəzi Asiyanın ən böyük İslam memarlıq abidələrindən sayılan bu kompleksdə 35-dən çox müxtəlif təyinatlı otaq yerləşir. Məqbərə həmçinin İslam dünyasının mühüm mənəvi və mədəni mərkəzlərindən biri hesab olunur.
Mənbə: prezident.az
















