ABŞ-ın Çikaqo Universitetinin alimləri qırmızı ətin müntəzəm istehlakının xroniki xəstəliklər və sağlamlığın sürətlə pisləşməsi ilə əlaqəli ola biləcəyini açıqlayıblar. Araşdırmanın nəticələri “The Quarterly Review of Biology” jurnalında dərc olunub.
Tədqiqatçılar qədim insanların qidalanması, müasir sağlamlıq araşdırmaları və ətin insan orqanizminə təsiri ilə bağlı molekulyar mexanizmləri təhlil ediblər. Alimlərin fikrincə, qədim dövrlərdə ət insan üçün beyin inkişafı üçün vacib enerji və yağ mənbəyi olub. Lakin müasir dövrdə qırmızı ət istehlakının miqdarı və forması qədim insanlardan ciddi şəkildə fərqlənir.
Araşdırmada qeyd olunur ki, qırmızı və xüsusilə emal olunmuş ətin tez-tez istifadəsi ürək-damar xəstəlikləri, ikinci tip diabet, bağırsaq xərçəngi və vaxtından əvvəl ölüm riskini artırır.
Alimlər qırmızı ətdə olan Neu5Gc adlı molekula da xüsusi diqqət yetiriblər. İnsan orqanizmi bu maddəni özü istehsal edə bilmir. Lakin ət qəbulundan sonra həmin maddə toxumalarda toplanaraq xroniki iltihab yarada bilər.
Tədqiqat müəllifləri insanların tamamilə ətdən imtina etməsini tövsiyə etmədiklərini bildiriblər. Onların sözlərinə görə, əsas məsələ müasir qidalanma vərdişlərinə yenidən baxmaq və bugünkü ət istehlakının insanın təkamül dövründə uyğunlaşdığı səviyyədən xeyli yüksək olduğunu nəzərə almaqdır.
