27 C
Baku
27 İyul 2024, 11:08
Baş xəbər

İngilis dilinə marağın artmasına səbəblər nələrdir?

Beynəlxalq dil hesab olunan ingilis dilinə maraq hər ötən gün artmaqdadır. İngilis dilinin öyrənilməsi eyni zamanda xaricdə təhsil və xarici mənbələrə çıxış baxımından da son dərəcə önəmlidir. Ölkəmizdə də son dövrlər gənclərin ingilis dilini öyrənməyə olan marağı artmaqdadır.

İngilis dilini öyrənməyin karyera imkanlarına təsiri, bu dilin xaricdə iş və təhsil imkanlarına çıxış əldə etmək üçün önəmi və digər mövzularla bağlı suallarımızı ingilis dili müəllimi Günel Qacarova cavablandırdı.

Müsahibəni təqdim edirik:

1. Son illərdə Azərbaycanda ingilis dilinə maraq artmaqdadır. Bunun əsas səbəbləri nələrdir?

– Tək Azərbaycanda yox, demək olar ki, artıq bütün ölkələrdə əsas dil ingilis dilinə çevrilib. Bunun səbəbi bütün dünyada ortaq bir dilin olmasıdır. İngilis dilini bildikdə artıq bütün ölkələrdə rahat şəkildə hər bir şeyi həll etmək olur. Buna görə, Azərbaycan da inkişaf etmiş ölkələrlə sıx əlaqədə olduğu üçün, turistik cəhətdən də bu dilə maraq artmaqdadır.

2. Qlobal dil kimi ingilis dilinin Azərbaycanın sosial və mədəni həyatına təsiri necədir?

– Hazırda “Formula 1” və yaxud da digər beynəlxalq yarışların olması, hər hansı bir müsabiqələrin keçirilməsi Azərbaycana turist axınının çoxalmasına səbəb olur. Və buna görə də əsas dil ingilis dili olduğu üçün digər ölkələrdən gələn insanlar öz dillərində yox, ingilis dilində danışırlar. Eyni şəkildə biz də başqa bir yerə getdikdə eyni bir nəticə ilə qarşılaşırıq. Buna görə də ingilis dili qlobal bir dil kimi bizim həyatımıza çox böyük təsir göstərir Çünki, artıq onu ortaq bir dil adlandırmaq olar.

3. İngilis dilini öyrənməyin karyera imkanlarına təsiri haqqında nə düşünürsünüz?

– Karyera imkanlarında haradasa 10 il əvvəl rus dili daha çox ön planda idi. Yəni, rus dilini bilməyəndə artıq digər ölkələrlə, şirkətlərlə əlaqədə çətinlik yaranırdı. Buna əsas səbəb isə Rusiyanın bölgədəki üstünlüyünü, ruslarla daha çox əlaqəmizin olmasını göstərmək olar. Beynəlxalq şirkətlərimizin çoxalması və iclasların xaricilərlə keçirilməsi səbəbindən yanımızda sinxron tərcüməçi olsa, problem yaşayacayıq. Buna görə də bizim qlobal dil olan ingilis dilini öyrənməyimiz digər şirkətlərdə daha tez qəbul almağımıza, həmçinin ölkə xarici əlaqələr və karyera inkişafına müsbət mənada çox böyük təsir göstərəcək.

4. İstər akademik səviyyədə, istərsə də gündəlik danışıq prosesində ingilis dilini öyrənən zaman nələrə diqqət yetirmək lazımdır?

– İngilis dilini həm akademik, həm də gündəlik danışıq səviyyəsində öyrənmək üçün biz əsasən dinləmə materialları ilə başlamalıyıq. Bunun səbəbini belə qeyd edə bilərəm ki, körpə uşaqlar eşitdiyini danışırlar, təqlid edirlər. Biz eşitməklə kifayətlənməyib onu təqlid etməliyik. Yəni, həm akademik, həm də günlük danışıq prosesində ingilis dilində mütləq şəkildə dinləmə materialları ön plana çıxmalıdır, həmçinin bunu təqlid edib danışmaq lazımdır. Praktikaya daha çox önəm verilməlidir. Haradasa 10-15 il əvvəl praktika daha fərqli idi, yəni oxuma üzərindən hərəkət edilirdi. Amma danışıq və dinləmə ön planda deyildi. Buna görə də həmin dövrün gəncləri və indiki dövrün gəncləri arasında böyük bir fərq var. Çünki həmin dövrün gənclərində danışıq ön planda deyildi, oxuma ön planda idi. Ona görə də onların oxuyub-yazma bacarıqları güclü idi, kommunikasiya bacarıqları isə zəif idi. Hazırda tətbiq etdiyimiz üsullar fərqli olduğuna, danışıq ön plana keçdiyinə görə deyə bilərəm ki, çox yaxşı bir yoldayıq. Bunun üçün də akademik və gündəlik prosesdə dinləyib danışmaq ən yaxşı üsuldur.

5. Ölkədə ingilis dilinin tədrisində hansı boşluqlar var? 11 il məktəbdə, ondan sonra universitetdə və kurslarda dərs alan gənclərdə çox hallarda dil öyrənmə problemi olduğu kimi qalır. Buradakı problem hansı tərəfdədir, dil öyrənən şəxslərdə yoxsa ölkədə ingilis dili ilə bağlı düzgün sistemin yaradılmamasında? Siz hansı təklifləri verə bilərsiniz?

– Hazırda müəyyən qədər düzəlmələr var, çünki praktika ön plana keçib. Yəni danışığı daha çox ön plana salıblar. Misal üçün tapşırıq kimi mətn və yaxud videolar verilir, deyilir ki, “qulaq as və bunu danış. Bu da tələbələrdə danışıq prosesinin güclənməsinə səbəb olur. Amma əvvəlki məzunlarda biz qarşılaşırdıq ki, qrammatika daha çox ön plandadır. Qrammatikanın ön planda olması danışıq prosesini zəiflədən faktorlardandır. Təbii ki, qrammatikanı bilmək irəli səviyyədə olan akademik yazıları yazmaq üçün önəmlidir. Amma sırf qrammatika və oxu üzrə çalışmaq danışıq qabiliyyətimizi zəiflədir. Və buna görə də hazırda təklifim bu olar ki, “dinlə-danış” üsulunu daha çox tətbiq etsinlər.

Səbinə Xeyirbəyova

Bugün TV

Oxşar xəbərlər

Seçki ikinci tura getdi!

Aynur Camal

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Mərkəzi Nəbatat Bağında aparılan işlərlə tanış olublar 

Elnarə Dərziyeva

Cinayət törətməkdə şübhəli bilinən 81 nəfər saxlanıldı

Kəmalə Sultan

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu