İran Qızıl Ay Cəmiyyətinin baş katibi Meysəm Əfsər ABŞ və İsrailin İrana qarşı hücumları zamanı 18 ölkədən humanitar yardım aldıqlarını açıqlayıb.
Tehranda keçirilən mətbuat konfransında çıxış edən Əfsər bildirib ki, müharibə dövründə 110 min Qızıl Ay əməkdaşı fəaliyyət göstərib. Onun sözlərinə görə, bu müddətdə quruma təxminən 7 milyon müraciət daxil olub və xilasedici qruplar hücuma məruz qalan ərazilərə 4 dəqiqədən az müddətdə çatıb.
Meysəm Əfsər qeyd edib ki, müharibə ərzində 10 mindən çox əməliyyat həyata keçirilib, 2 min 500-dən çox təcili yardım avtomobili xidmət göstərib. Xilasetmə əməliyyatları zamanı 7 min 215-dən çox insan sağ çıxarılıb, axtarış-xilasetmə itləri isə 1711 əməliyyatda iştirak edib.
Ən genişmiqyaslı işlərin Tehran, Hörmüzqan və Buşəhr vilayətlərində aparıldığı bildirilib. İran tərəfinin məlumatına görə, hücumlar nəticəsində 123 min 647-si yaşayış evi olmaqla ümumilikdə 149 min 528 mülki obyekt zərər görüb. Həmçinin 32 universitet, 993 təhsil müəssisəsi, 56 Qızıl Ay mərkəzi və 350 səhiyyə obyekti ciddi ziyanla üzləşib.
İran Qızıl Ay Cəmiyyətinin rəhbəri Pir Hüseyn Kolivənd isə Türkiyədən İHH Humanitar Yardım Fondu tərəfindən maddi və geyim yardımı göstərildiyini bildirib. Onun sözlərinə görə, ayrılan vəsait hesabına generatorlar alınıb.
Mənbə: Anadolu Agentliyi
