Bugun.tv xəbər verir ki, İsrailin Livanın paytaxtı Beyrutun Dahiye bölgəsinə endirdiyi hava zərbələrindən sonra İran İsrailə raket hücumu həyata keçirib. Hücum nəticəsində İsrailin şimalındakı bir sıra şəhərlərdə hava həyəcan siqnalları səslənib.
İsrail ordusunun açıqlamasına görə, ölkəyə qarşı iki dalğa şəklində raket hücumu qeydə alınıb. Hava hücumundan müdafiə sistemləri raketləri zərərsizləşdirməyə çalışarkən, əhaliyə Mülki Müdafiə Komandanlığının göstərişlərinə əməl etmək və raket zərbələrinin görüntülərini paylaşmamaq tövsiyə olunub.
Təhlükəsizlik səbəbindən İsrailin Ben Qurion Beynəlxalq Hava Limanında uçuşlar müvəqqəti dayandırılıb, məktəblərdə isə dərslər ləğv edilib. İran raketlərinin uçuş marşrutunda yerləşən İordaniyada da hava həyəcan siqnallarının işə düşdüyü bildirilib.
İran Silahlı Qüvvələrinin Hatəmül-Ənbiya Mərkəzi Qərargahı yaydığı bəyanatda İsrailin Livan ərazisində atəşkəsi dəfələrlə pozduğunu və raket hücumunun buna cavab olaraq həyata keçirildiyini qeyd edib. Bəyanatda İsrailin hücumlarını davam etdirməsi halında daha sərt və dağıdıcı cavab veriləcəyi vurğulanıb.
İran ordusu isə yaydığı məlumatda İsrailin şimalında yerləşən Ramat David Hərbi Hava Bazasının ballistik raketlərlə hədəfə alındığını açıqlayıb. Tehran bu hücumu Beyrutun Dahiye bölgəsinə edilən zərbələrə cavab kimi qiymətləndirib.
Hadisələrin fonunda İran Mülki Aviasiya Təşkilatı ölkənin qərb hava məkanının ikinci bir qərara qədər bağlandığını elan edib. Eyni zamanda İran dövlət televiziyası Təbriz şəhəri səmasında İsrailə məxsus pilotsuz uçuş aparatının vurulduğunu bildirib.
Mənbə: TrtHaber
