Bugun.tv xəbər verir ki, İtaliya hökuməti Qəzzadan 72 fələstinli tələbənin təxliyəsini həyata keçirib. Tələbələrin İtaliya və San Marino universitetlərində təhsil almaları nəzərdə tutulur.
İtaliya Xarici İşlər Nazirliyi tərəfindən yayılan məlumata əsasən, “universitet dəhlizi” adlandırılan əməliyyatın təşəbbüsü İtaliyanın xarici işlər naziri Antonio Tajani tərəfindən irəli sürülüb. Təxliyə olunan tələbələrin bu axşam Amman şəhərinə çatacağı, oradan isə sabah İtaliyaya aparılacağı bildirilir.
Məlumata görə, 72 tələbədən 2-si San Marinodə, qalanları isə İtaliyanın müxtəlif şəhərlərində yerləşən 21 universitetdə təhsil alacaq.
Bildirilib ki, proqramın əsas məqsədi fələstinli gəncləri Qəzza zolağından çıxararaq onlara təhlükəsiz şəraitdə təhsil imkanları yaratmaqdır.
Rəsmi açıqlamaya əsasən, bu əməliyyatla birlikdə 2025-ci ilin sentyabrından bəri Qəzza zolağından təxliyə edilən tələbələrin sayı 230-a yüksəlib. Ötən ilin sentyabr-dekabr aylarında keçirilən dörd ayrı əməliyyat çərçivəsində isə 158 tələbə bölgədən çıxarılmışdı.
Nazir Antonio Tajani bildirib ki, bu təşəbbüs fələstinli gənclərə gələcək, təhsil və təhlükəsizlik baxımından real imkan yaradır və İtaliya Qəzzadakı mülki əhaliyə humanitar dəstəyini davam etdirir.
Mənbə: Anadolu Agentliyi
