İtaliyanın Neapol şəhəri yaxınlığındakı Torre del Qreko bölgəsində səhər tezdən keçirilən əməliyyat zamanı çimərlikdə yerləri əvvəlcədən saxlamaq üçün qoyulan çətir, şezlonq və stullar müsadirə edilib.
Məlumata görə, sahil mühafizəsi əməkdaşları və yerli polis birlikdə pulsuz girişli Laghetto çimərliyində yoxlama aparıblar. Əməliyyat zamanı sahildə nəzarətsiz şəkildə saxlanılan 40 çimərlik əşyası toplanıb.
İtaliya mətbuatında belə şəxslər “furbetti dell’ombrellone” – yəni “çətir hiyləgərləri” adlandırılır. Onlar səhər və ya əvvəlki gecədən çimərlikdə çətir, stul və digər əşyalar qoyaraq ən yaxşı yerləri özləri üçün rezerv edirlər.
Torre del Qreko liman idarəsi bildirib ki, əməliyyat çoxsaylı şikayətlərdən sonra həyata keçirilib. Bəzi insanların çimərlik avadanlıqlarını günlərlə nəzarətsiz saxladığı və bunun digər istirahət edənlərin istifadəsinə mane olduğu qeyd olunub.
Qurumun açıqlamasında bildirilib ki, gün batdıqdan sonra çimərlikdə əşyalarını saxlayan şəxslər qaydaları pozmuş sayılır və onlar 500 avroya qədər cərimə ilə üzləşə bilərlər. Müsadirə olunan əşyaların geri alınması üçün isə xüsusi prosedur tələb olunur.
İtaliyanın digər bölgələrində də oxşar tədbirlər keçirilib. Puliya, Liquriya və Sardiniya sahillərində də çimərlik yerlərinin qeyri-qanuni tutulmasına qarşı əməliyyatlar aparılıb.
Məsələ İtaliyada pulsuz çimərliklərin qorunması ilə bağlı daha geniş müzakirələrə səbəb olub. Xüsusilə Liquriya, Emilia-Romanya və Puliya bölgələrində sahillərin böyük hissəsinin özəl şirkətlərə verilməsi yerli sakinlərin narazılığına səbəb olur.
Neapol yaxınlığındakı Bakoli şəhərində isə yerli hakimiyyət sahilin 80 faizindən çox hissəsini ictimai istifadə üçün açıq saxlamaq məqsədi daşıdığını açıqlayıb.
Mənbə: The Guardian
