Bugun.tv xəbər verir ki, ABŞ-ın orbitdə silahlı sistemlər yerləşdirdiyini rəsmən açıqlaması Rusiyanın sərt reaksiyasına səbəb olub.
TRT Haber yazır ki, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Vaşinqtonu kosmosda silahlı qarşıdurmanın mümkün nəticələrini nəzərə almamaqda və qlobal təhlükəsizliyi riskə atmaqda ittiham edib. Onun sözlərinə görə, Rusiya kosmosda silahların tamamilə qadağan olunması ilə bağlı BMT Baş Assambleyasına qətnamə layihəsi təqdim etməyi planlaşdırır.
Məlumata görə, ABŞ Hərbi Hava Qüvvələri naziri Troy Meink daha əvvəl ABŞ qüvvələrini mümkün düşmən hücumlarından qorumaq məqsədilə orbitə “kosmosa nəzarət silahları” yerləşdirildiyini təsdiqləyib. Bu sistemlərin konkret imkanları barədə isə geniş məlumat verilməyib.
Hərbi ekspertlər belə sistemlərin digər ölkələrin peyklərinin rabitəsini pozan elektron müharibə vasitələri, radio maneə qurğuları və ya peyklərə qarşı istifadə oluna bilən xüsusi kosmik platformalar ola biləcəyini bildirirlər.
Analitiklər ABŞ-ın açıqlamasını kosmosda hərbi texnologiyaların inkişafı ilə bağlı artan rəqabətin bir hissəsi kimi qiymətləndirirlər. Rusiya və Çin də uzun illərdir peyklərə qarşı texnologiyalar, yaxın məsafədə manevr edə bilən kosmik aparatları və digər peyk əleyhinə imkanları sınaqdan keçirirlər.
Kosmosun hərbiləşdirilməsi ilə bağlı müzakirələr fonunda Moskvanın yeni təşəbbüsü məsələnin beynəlxalq səviyyədə yenidən gündəmə gəlməsinə səbəb ola bilər.
Mənbə: Trt.haber
