Rusiyanın Kursk şəhərində yaşayış binasının yaxınlığına Ukraynaya məxsus pilotsuz uçuş aparatının düşməsi nəticəsində təxliyə həyata keçirilib.
Hadisə ilə bağlı məlumat verən vilayət qubernatoru Aleksandr Xinşteyn bildirib ki, pilotsuz aparat şəhər mərkəzində çoxmənzilli binanın həyətinə düşüb. Onun sözlərinə görə, aparatın qalıqları binanın damına zərər vurub, lakin partlayış baş verməyib.
Qubernator qeyd edib ki, hadisə nəticəsində ümumilikdə 36 nəfər, o cümlədən 9 uşaq binadan təxliyə olunub. İki uşaq da daxil olmaqla 7 nəfər müvəqqəti yerləşdirmə mərkəzində saxlanılır.
Hazırda ərazi təhlükəsizlik məqsədilə mühasirəyə alınıb və hadisə yerində təcili xidmət əməkdaşları fəaliyyət göstərir. Xinşteyn əlavə edib ki, hadisə nəticəsində xəsarət alan olmayıb və vəziyyət nəzarət altındadır. Sakinlərin yaxın vaxtlarda evlərinə qayıdacağı gözlənilir.
Mənbə: TASS
