Mütəxəssislər kivinin qabığı ilə birlikdə istehlak edilməsinin sağlamlıq üçün faydasını əhəmiyyətli dərəcədə artırdığını bildirirlər. Bu barədə Böyük Britaniyadan olan dietoloq Nikola Ladla-Reyn Daily Mail nəşrinə açıqlamasında danışıb.
Onun sözlərinə görə, kivi lif, C vitamini, kalium və polifenollarla zəngindir, lakin bu faydalı maddələrin böyük hissəsi məhz meyvənin qabığında cəmlənib. Kivini bütöv şəkildə yemək lif qəbulunu təxminən 50 faiz artırır, eyni zamanda E vitamini və fol turşusunun orqanizmə daxil olmasını gücləndirir. Əlavə lif bağırsaqların fəaliyyətini yaxşılaşdırır və köp riskini azalda bilər.
Mütəxəssis qeyd edib ki, kivinin faydaları təkcə həzm sistemi ilə məhdudlaşmır. Meyvə yuxu keyfiyyətinə və əhval-ruhiyyəyə müsbət təsir göstərir. Tərkibindəki yüksək C vitamini isə dərinin möhkəmliyi və elastikliyini təmin edən kollagenin sintezini dəstəkləyir. Bununla belə, böyrək daşlarına meyilli şəxslərə ehtiyatlı olmaq tövsiyə olunur, çünki kivi qabığında müəyyən hallarda problem yarada bilən oksalatlar mövcuddur.
Mənbə: mail.ru
