Məhəbbət və nifrət ürəkdə qoşa qaynayan bulağa bənzəyir.
Birinin suyu şirin, o birininki isə acı olsa da hərəsi bir dərdə şəfa verir. Bu sözləri hələ uşaqikən bir kitabdan oxumuşdum. Hey fikirləşirdim ki, məhəbbət min dərdə əlac ola bilər, bəs görəsən nifrət hansı dərdə davadır? Həyatı dərk etdikcə bu suala da cavab tapdım.
İnsanı bu və ya digər əxlaqi keyfiyyətlərə təhrik edən xüsusiyyətlər içərisində məhəbbət və nifrət hissləri müstəsna yer tutur.
Psixoloqlar sübut etmişlər ki, məhəbbət və nifrət insanın ən qədim hissləri olaraq ictimai xarakter daşıyır. İctimai inkişafın məhsulu olaraq insanda bu duyğular yaranmış, bunun əsasında da “simpatiya” və “antipatiya” formalaşmışdır.
Hələ qədim dövr klassiklərimizdən bu günə qədər bütün şairlər, yazıçılar məhəbbəti gözəlliklə eyniləşdirib, sübut eləmişlər ki, məhəbbət vasitəsilə nəinki bir çox xəstəlikləri müalicə etmək, hətta bir çox qəbahətləri insan xarakterindən çıxardıb atmaq olar. Məsələn N.Gəncəvinin “Xosrov və Şirin” poemasını nümunə gətirə bilərik. Şirinin məhəbbəti Xosrovu pis vərdişlərindən uzaqlaşdırır, onu kamilləşdirir.
Bu ülvi hisslər – məhəbbət içərisində ən safı, təmənnasızı, uzunmüddətlisi valideynlərlə övlad arasında olan məhəbbətdir. Məhəbbətin bu növü başqa növlərindən çox fərqlidir. Hətta Mişel de Monten valideyn – övlad məhəbbətini təbiətin zəruri qanunu səviyyəsinə qaldırmışdır. Onun fikirincə, əgər, valideynlər öz övladlarını özlərindən çox istəməsəydilər onda yer üzərində insan nəsli kəsilərdi. Sanki təbiət bunu insan nəslini qorumaq üçün qəsdən belə etmişdir. Həqiqi ata, ana çox az tapılar ki, öz balalarının səadəti uğrunda min əzaba, iztiraba dözməsin. Elə ana çox az tapılar ki, uşaqlarını öz canından artıq istəməsin. Lakin Monten bunu da qeyd etmişdir ki, çox uşaqların öz ata-analarına olan məhəbbəti valideynin onlara olan məhəbbətindən az olur. Bu da təbiidir. Çünki övladlar valideynlərə nisbətən zəifdirlər, valideynlər daha güclü və ağıllıdırlar. Hətta valideyn qocalanda belə özünü övladından ağıllı, peşəkar hesab edir. Valideyn bu qeyri-bərabər sevgiyə dözür, öz həyatı hesabına övladlarını böyüdür. Beləliklə valideyn olmaq haqqını qazanır. Təbii zərurət kimi doğan bu məhəbbət cəmiyyətdə pozulmaz əxlaq qanununa çevrilir.
Valideyn-övlad münasibətlərində vacib məqamlardan biri kimi bunu da nəzərə almaq lazımdır ki, övladlar böyüyüb müəyyən yaşa çatdıqdan sonra onların məhəbbəti parçalanır, səpələnir: onlar ailə quracaqları adamı sevir, öz övladlarını sevir və sairə. Valideynlər bu məqamı əsla unutmamalıdırlar. Biz övladlarımız böyüdükdən sonra onların üzərindəki “hakimiyyətimizi” itirməkdən qorxmamalıyıq. Çünki məhəbbət hakimiyyətdən daha qüdrətlidir.
Məşhur filosof Feyerbax öz oxucularına müraciət edərək yazırdı: Ananı sev, həqiqi məhəbbətlə sev. Onda bütün qalan fəzilətlərə də sahib olarsan.
Bu yaxınlarda bir jurnalistin belə bir müsahibəsini dinlədim: Ana dörd övlada baxır, dörd övlad bir anaya baxmır. Və təsdiqləyir ki, bu belə də olmalıdır. Yəni ananın borcudu dünyaya gətirdiyi övladını böyütsün, boya-başa yetirsin, amma övladın borcu deyil yaşlı valideynlərə baxsın.
Bu nə dərəcədə doğrudur? Kim necə anlayır, anlasın mən bu fikirlə qətiyyən razı deyiləm. Hətta belə düşünsəm ata-anama xəyanət etmiş olaram deyə fikirlər məni rahat buraxmır. Yaxşı bəs ömrünü övladına həsr edib, ahıl, müdrük yaşlarına çatmış anaya, ataya kim qayğı göstərsin? Yayın istisində buza dönmüş əllərini kim sığallasın, bəyaz saçlarına kim tumar çəksin? Qocalar evindəki baxıcılarmı? Səssizlikmi? Dörd divar arxasından boylanan sükunətmi? Başımızı tacı analar, arxa, dayağımız atalar! Siz bizi buna görəmi min bir cəfayla, zəhmətlə böyütdünüz? Bu yaşda yeməkdən içməkdən daha çox xoş rəftara, sevgiyə, isti nəfəsə ehtiyacınız olan zaman sizə baxmaq bizim borcumuz deyil deyəkmi?
Gənc nəslə beləmi nümunə oluruq? Yenə təkrar edirəm, əxlaqi dəyərlər içərisində valideynə olan məhəbbət, hörmət ən birinci yerdə durur.
Əsrlərdi alimlər, şairlər, yazıçılar, filosoflar bu məhəbbəti tərənnüm etmişlər. Ədəbiyyatımızın, şeirimizin, sənətimizin baş qəhrəmanları, əsas sütunu, dəyişməyən mövzusu onlar olmuşlar.
Biz necə öyrəndik, necə oxuduq, necə tərbiyə aldıq? Gəlin xatırlayaq.
Hələ “Kitabi-Dədə-Qorqud” dastanında heç bir zaman düşmənə əyilməyən Qazan xan yaşlı anasına görə Şöklü Məliyə yalvarır, onun qarşısında diz çökür: Malım, dövlətim, oğlum, qırx incə belli qızla Burlaxatun hamısı sənin olsun. Bircə, yaşlı anamı mənə qaytar, onu incitmə!
Bax, budur bizim milli dəyərlərimiz. Bir xalq olaraq milli dəyərlərimizi buradan qaynaqlanır. Elə anaya, ataya məhəbbətdən… Bu məhəbbətin qüvvəsi ölçüyə sığmazdır.
Sevgi nə nifrət, nə kindir, oğlum,
Sevgi ən müqəddəs bir dindir, oğlum,
Oğulsan Ananı sevindir, oğlum,
Ana sevinəndə Allah sevinir.
Hər xalqın özünün əsrlərdən bəri qərarlaşmış, cilalanmış adət və ənənələri vardır. Biz bu gün əsrlər boyu insanlığa, bəşəriyyətə xidmət edən dəyərlər, ülviliklər, mənəvi sərvətlər sistemini uçurub-dağıtmaq deyil, bunların müqəddəs həlqəsini daha da möhkəmlətdirməliyik.
Bir az da nifrətdən danışaq.
Nifrət qəlbin yükünü yüngülləşdirir, nifrət ədalət doğurur. Yəni kim şərə, haqsızlığa, ədalətsizliyə bütün qəlbi ilə nifrət etmirsə – demək o xeyri ürəkdən sevmir. Əsl fəzilət nədir? Cəsarət, etibar, bəsirət, ədalət və sairə. Bunlar hamısı bilavasitə məhəbbətlə əlaqədardır. Deməli, fəzilətlərin nəsibi məhəbbət – qəbahətlərin nəsibi isə nifrətdir.
Müəllif: Əsgərova Sədaqət – Filoloq, Ana dili – ədəbiyyat müəllimi.