Bugun.tv xəbər verir ki, TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov bildirib ki, bu qurum tibbi xidməti təşkil edən və üzərində nəzarəti olan bir müəssisədir. “Bu kimi hallarla bağlı araşdırmanı müvafiq qurumlar aparır. Həmin qurumlar da hər hansı zəhərlənmə faktı aşkar olunduqdan sonra bununla bağlı açıqlama yayırlar. Yəni, TƏBİB, sadəcə olaraq, tabeliyində olan tibb müəssisəsinə müraciət etmiş zəhərlənmiş, yaxud digər problemlə bağlı xəstələrin müalicəsini təşkil edir.Bizim Bakı şəhərindəki və regionlardakı məktəblərdə tibb işçilərimiz var. Məktəblərdə hansısa şagird və ya müəllim səhhətində narahatlıq hiss edərsə, rahat şəkildə tibb işçilərinə yaxınlaşa və tibbi xidmətdən yararlana bilərlər”, – qurum rəhbəri əlavə edib.
Qeyd edək ki, aprelin 6-da Bakı şəhərinin 20 nömrəli məktəb-liseyində 6 şagird qidadan zəhərlənib.
Mayın 23-də isə Şəki rayonunun Qudula kənd orta məktəbinin 24 şagirdinə və 3 müəlliminə bu diaqnoz təqin edilib. Hadisənin mayın 23-də havanın temperaturunun yüksək olması səbəbindən məktəbin inzibati binasının zirzəmi qatına səpilmiş dezinfeksiya maddələrinin buxarlanması səbəbindən baş verdiyi ehtimal olunur.
Mənbə: Report.az