21 C
Baku
8 Oktyabr 2024, 3:11
Baş xəbərDigər

“Mən Allahla təbiət arasındakı vasitəçiyəm” – “Kral Rauf” – FOTOLAR

Novxanı qəsəbəsində güllü-gülüstanı xatırladan bir məkan var. Adı da yoxdur, heç qoyulmayıb da. Bu cənnətə bənzəyən əraziyə məncə, heç ad da lazım deyil. Bir çiçəyi deyib, o birini kənara qoymaq haqsızlıq olardı. “Bu güllər mənim ailəm, mənim balalarımdır”, – deyən məşhur bağban da bəlkə elə buna görə bağına ad qoymaq istəməyib.

“Uğur yolu” rubrikasının qonağı “Kral Rauf”dur. Niyə məhz “kral”? Yaxşısı budur, özü açıqlama versin.

HAŞİYƏ:

Rauf Məcid oğlu Rəhimov 1949-cu il Masallı rayonunda anadan olub. Bakı Əczaçılıq Məktəbində təhsil alıb. Sonra təbiətə olan həvəsinə görə Azərbaycan Dövlət Universitetini (indiki Bakı Dövlət Universiteti) biologiya fakültəsini bitirib.

– Rauf müəllim, səs-sorağınızı eşidib gəlmişik. Gördük darvaza açıqdır, keçdik içəri. Həftəsonuna görə belədir?

– Xoş gəlmisiniz. Yox, qapım hər zaman açıqdır. Bağlı qalsa, gülllərim havasız qalar. Ümumiyyətlə, mən uşaqlıqdan belə görmüşəm. Masallıdakı evimizin darvazası da beləcə açıq qalardı. heç qonşular arasında hasar da olmazdı…

– Nə gözəl həyətiniz var!

– Elədir… 12 sot idi. Həyətimi gül-çiçəklə bəzədiyim üçün o vaxt icra başçısı gəldi dedi ki, burdan cənab prezident keçir, əlavə ərazi verək oranı qat həyətinə, düzəlt buraları. Qum karxanası idi, zibillik, bərbad gündə… götürüb qatdım həyətə. Genişləndirdim. Güllərin növləri, sayı da artdı.

– Təbiətə, floraya sevgi hardan yaranıb sizdə?

– Biz böyük ailə idik: 7 qardaş, bir bacı. Demək olar ki, hamının ailəsi çoxuşaqlı idi. Uşaqlarını sakitləşdirə bilməyən qadınlar xaş-xaş əkirdilər. Tez-tez tökürdülər uşaqların yeməklərinə ki, onlar sakit qalsınlar. 6 yaşım var idi, bir gün o xaş-xaşdan bir ovuc götürüb düşdüm həyətə, basdırdım. Hər gecə yuxudan oyanıb əlimdə fanar gedib otururdum əkdiyim yerdə, o xaş-xaşın böyüməsini müşahidə edirdim. Sonra qoz ağacı əkdim, ərik, bostan bitkiləri və yavaş-yavaş güllərə meyilləndim… Bax belə, güllərə, ağaclara sevgim ta uşaqlıqdan yaranıb.

– İndi də xaş-xaş əkmirsiniz ki?

– (gülür…) Yox, o vaxt xaş-xaşın imici belə deyildi axı…

HAŞİYƏ:

ABŞ-dan 25 min dollarlıq məvacibində iş təklifi alsa da, razılaşmayıb. “Güllərimdən ayrı qala bilmərəm”, – deyib. SSRİ Səhiyyə Nazirliyinin göstərişi ilə Masallıda ilk dəfə olaraq “Yaşıl aptek” tikilib. Ərazisi, torpağı olub. Dərmanları özü hazırlayıb. Bir vaxta kimi…

– Qapatdım, könüllü qapatdım… İnsanlar əlində reseptlə gəlirdi, biri deyirdi, anam düşüb qəzaya, atam xəstələnib. O biri deyir, uşağım naəlac qalıb. Hər dəfə gələndə deyirdilər nə qədər bu xarabaya pul verim e mən? Hamısı kədər sahibi idi. Aptek dərd yuvasıdır. Ona görə qaçdım güllərin qoynuna.

– Niyə bəs Novxanı?

– O vaxt mənə deyirdilər ki, Masallıda yaşıllıq yaratmağa nə var ki. Bacarırsansa, dəli Xəzərin qarşısına çıx! Mən də gəldim Novxanıda bir adamın həyətində işlər gördüm, sonra 100 dollara sahə aldım. Əkdim, biçdim, yaratdım. Xəzəri sevdim, dənizlə dostlaşdım, hər gün bir gül əkdim…

– Rauf müəllim, bayaqdan həyət-bacadakı güllərə baxıram… Ötən illərdə “Xarı Bülbül” də əkmək istəyi keçibmi könlünüzdən?

– (dərindən ah çəkdi….) Bir dəfə Amerikanın Özəl Aqrobiznesə yardım şirkətinin rəhbəri – (hardasa 92-93-cü illərdən gedir söhbət – K.A.) gəlmişdi bura. Gəldi dedi ki, mən Qarabağa gedirəm, Şuşadan sənə nə gətirim? Dedim, Xarı Bülbül. 10 ədəd İran qablarına doldurulmuş torpaq gətirdi Şuşadan. Ona demişdilər ki, indi Xarı Bülbülün yetişdiyi vaxt deyil, apar bu torpağı vaxtı gələndə yetişəcək. O amerikalı da gətirib vedrələri verdi mənə. Dedim, bu torpaq nədir, hanı bəs gül? Dedi, vaxtı gələndə görəcəksən. Yaz gələndə torpaqdan güllər boylanmağa başladı. Baxdım, dedim, İlahi, bu nə gözəllikdir belə? “Çanaqqala” restroranının sahibi olan şuşalı dostumu çağırdım bura ki, gəl bax, gör bu Xarı Bülbüldürmü? Baxdılar şuşalılar, başladılar ağlamağa. Mən görmüşəm adam atası, anası üçün ağlayar, onlar Xarı Bülbülü görüb hönkürürdülər… Amma çox təəssüflər olsun ki, növbəti il həmin Xarı Bülbül yetişmədi… (qəhərləndi)

– Azərbaycanın bir çox bölgələrində də var Xarı Bülbül…

– Gəzdim, Şamaxıda, İsmayıllıda, Oğuzda da tapdım. Amma eyni Şuşa torpağında bitən Xarı Bülbül kimi deyildi onlar: bir az aralarında fərqlilik var, rəngləri solğundur. Şuşanın gülünü isə sanki İlahi öz əli ilə yaradıb.

– Burda ən mötəbər qonağınız kim olub, Rauf müəllim?

– Azərbaycanın bütün mötəbər ziyalıları qonağım olub. “Oksford” Universitetinin rektoru Fillip bura gələndə dedi ki, mən şokdayam… 8 il “botanika-biologiyadan dərs demişəm. Dedi, o bağ gözəldir ki, insanı düşündürür. Hara baxıramsa, düşünürəm. Dedi, dünyanın bir çox adlı-sanlı bağlarında olmuşam. Bu bağı yaratmaq üçün insanda dözüm, səbr və bilik olmalıdır. Bu üç amil hər adamda toplanmır. Dünyada 10 adamda ya var, ya yox. Amma səndə üçü də var.

– Oxuculara da maraqlı olacaq: niyə məhz “kral”?

– Hər rəndə qarğıdalı, kələmlər əkmişəm, kvadrat qarpızdan tutmuş hər fərqli tərəvəzə kimi. Bostanı – necə deyərlər oxuyub bitirmişəm. Sonra keçdim ağaclara, güllərə. Bunların hamısını bir araya gətirən ilk adamam. Elə buna görə də “kral” ləqəbi  sovet vaxtı Moskvada keçirilən sərgidə mənə də qoydular.

– Ustadların davamçısı olur, adətən. Tələbələriniz varmı?

– Əlbəttə… Qardaşım, cavan bağban tələbələrim var. Ağacları elə “strijka” edirlər ki, heç bərbər saçı elə “strijka” eləmir.

HAŞİYƏ:

Bağında 1000-dən çox bitki var. Hər birinin adını və sortunu əzbər bilir.

– Bu qədər bitki üçün həyətiniz darısqal deyilmi?

– Hələ ki yox…

– Ən sevdiyiniz hansıdır bəs?

– Gülün pisi olmur, bağbanın pisi var. Mənim üçün hamısı doğmadır. Bəzən deyirlər ki, gül vəfasızdır. amma elə deyil. Bəzən görürsünüz ki, insan vəzifədə olanda, dost-tanışları da onun yanında olur. Vəzifədən çıxarılandan sonra isə heç sayanı olmur. Gül isə belə deyil. Ona baxırsan, çiçək açır, zəhmətini itirmir. Amma gül ömrü yaşayır, az qalır. Onlar mənə doğmadır. Gərək yarın kimi gülün başına dolanasan.

HAŞİYƏ:

Ailə qurmayıb. Həyatını bağbanlıq sənətinə həsr edib. “Çətin sənətdir” desə də, 75 ilini boşa vermədiyindən məmnundur.

– Mənim ailəm bu güllərdir. Arvad-uşağım olsaydı, güllərə baxa bilməzdim, bu cənnəti yarada bilməzdim ki…

– İndən sonrakı məqsədiniz nədir, ümumiyyətlə…

– Bilirsiniz, bağımı çox deputatlar, Azərbaycanın sayılıb-seçilən şəxsləri ziyarət edirlər. Hansı gül xoşlarına gəlirsə, suala tuturla məni. Əlbəttə ki, məqsədim də budur, geniş açıqlama vermək, gülləri tanıtmaq. Amma adi bir xarici vətəndaş gələn kimi dərhal gülləri tanıyır, özü danışır. Bu, mənim xoşuma gəlir. Mən təbiəti, gülləri, ağacları sevməyi insanlara aşılamaq istəyirəm. Buranı klub-floraya döndərməkdir fikrim.

– Ödənişli əsaslarla?

– Xeyr! Əksinə, ödəniş belə olacaq: hər bir vətəndaş klub-floradan istifadə etmək üçün ən azı 25 gül adını söyləyib, sonra içəri daxil ola biləcək. Qoy insanlar gülləri tanısın.

P.S. Rəssam da, bəstəkar da, şair də öz əsərlərində təbiətin min bir gözəlliyini vəsf edir. Lakin onlar təbiətin yaratdığını tam əks etdirə bilmirlər. “Kral Rauf” isə təbiətlə Allah arasında həqiqətən də vasitəçi rolunu oynayır. Özü dediyi kimi: həyatını floraya həsr edən ikinci insan yoxdur…

Ruhumuza, hiss və duyğularımıza qida verən bu gözəlliyi yaşadan insan – sözün əsl mənasında Təbiətin Kralı Rauf.

HAZIRLADI: Könül AYPARA

Aynur Camal

Oxşar xəbərlər

Komandoların taktiki-xüsusi məşqləri davam etdirilir – VİDEO

Aynur Camal

Dövlət qəzetində prezidentliyə namizədlərin ödənişsiz təşviqat materiallarının dərci üçün püşkatma keçirilib DAXİLİ SİYASƏT

Bugün TV

Menemen bişirərkən bilməli olduğunuz qızıl qayda! Dadı ikiqat artır

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu