Bugun.tv xəbər verir ki, Media Tədris Mərkəzinin tələbələri üçün “Multimedia nədir?” və “Aparıcı kimdir?” mövzularında maarifləndirici təlim təşkil olunub.
Təlim tanınmış telejurnalist və aparıcı, Jurnalist Sənətkarlığının İnkişafına Dəstək İctimai Birliyinin sədri Günel Gözəlovanın iştirakı ilə keçirilib.
Görüş zamanı müasir media məkanında multimedia texnologiyalarının əhəmiyyəti, aparıcılıq sənətinin özünəməxsus xüsusiyyətləri, peşəkar aparıcının malik olmalı olduğu əsas keyfiyyətlər və auditoriya ilə düzgün ünsiyyət qurmağın yolları ətrafında geniş fikir mübadiləsi aparılıb.



Uzunillik peşəkar təcrübəyə əsaslanan təlimdə nəzəri biliklərin real iş təcrübəsi ilə tamamlanmasının əhəmiyyəti xüsusi vurğulanıb. İnteraktiv müzakirələr şəraitində keçən görüş tələbələrə media sahəsinin incəliklərini daha yaxından öyrənmək, onları düşündürən suallara cavab tapmaq və gələcək fəaliyyətləri üçün yeni biliklər əldə etmək imkanı yaradıb.
Təlim çərçivəsində aparıcının yalnız mətni səsləndirən şəxs deyil, eyni zamanda auditoriya ilə etibarlı ünsiyyət quran, fikrini aydın və təsirli şəkildə ifadə edən, məsuliyyətli və hazırlıqlı media nümayəndəsi olduğu diqqətə çatdırılıb.
Media Tədris Mərkəzində bu cür görüşlərin keçirilməsi gələcək jurnalistlərin və aparıcıların peşəkar inkişafına, onların nəzəri biliklərinin möhkəmləndirilməsinə və praktik bacarıqlarının artırılmasına xidmət edir.
Bugün TV olaraq media sahəsində gənc kadrların yetişdirilməsinə, peşəkar bilik və təcrübənin bölüşdürülməsinə yönələn bu cür təşəbbüsləri təqdir edirik.



