Bugün.tv xəbər verir ki,Cəfər Cabbarlı Adına Azərbaycan Dövlət Teatr Muzeyinin təşəbbüsü ilə Xalq artisti, professor, mərhum Mobil Əhmədovun çəkdiyi dostluq şarjlarından ibarət sərgi keçirildi.
Tədbiri giriş sözü ilə muzeyin direktoru Sevinc Mikayılova açaraq qonaqları salamladı. Gecənin aparıcılığı Azərbaycanın ictimai xadimi, əməkdar artist, mərhum sənətkarın tələbəsi Ramil Qasımova həvalə olundu. Tədbirdə əməkdar incəsənət xadimi, sənətşünas Ziyadxan Əliyev və əməkdar rəssam Vüqar Əli böyük sənətkardan, onun peşəkar rəssamlığından söz açaraq, xatirələrini bölüşdülər.
Daha sonra Xalq artisti, professor Ramiz Quliyev öz xatirələrini bölüşərək, belə tədbirlərin əhəmiyyətindən danışdı.
Sərgidə həmçinin əməkdar artistlər – İnarə Babayeva, İlahə Əfəndiyeva, İfaçılar – Taleh Yahyayev, Şaban Cəfərov, ADMİU-nun Populyar musiqi və caz ifaçılığı kafedrasının müdiri, professor, əməkdar müəllim Məryəm Babayevanın 4-cü kurs tələbəsi Bəxtiyar Quliyev və magistratura pilləsində təhsil alan Emil Bağırzadə iştirak edirdilər.
İştirakçıları əməkdar artist Zülfiyyə Sadıqova, Zəhra Parlanova, Emin Həsənov İlahə İsmayılova, Qumru İmamverdiyeva, Nigar Hüseynzadə və Prezident təqaüdçüsü Kamil Həsənov müşayiət edirdilər.
Tədbirin sonunda Ramil Qasımov “Koroğlu” ariyasını ifa edərək, ustadı Mobil Əhmədova həsr etdiyini bildirdi. Ramil Qasımov onu da qeyd etdi ki, ustad ənənələrini bu gün də yaşatmaq və nəsildən nəslə ötürmək çox sevindirici haldır, Mobil müəllimin adını daşıyan nəticəsinin də aramızda olması onun silinməz xatirəsini daha da yaşadır.
Tədbirin sonunda mərhum sənətkarın qızı Nigar Əhmədova tədbirin təşkilatçılarına və iştirakçılara təşəkkürünü bildirdi.