Bugun.tv xəbər verir ki, müxtəlif qəhvə növlərinin orqanizmə təsiri onların tərkibindəki kofein və digər maddələrin miqdarından asılı olaraq dəyişir. Bu barədə Perm Politex Universitetinin “Kimyəvi texnologiyalar” kafedrasının dosenti Yekaterina Bankovskaya danışıb.
Mütəxəssisin sözlərinə görə, dünya üzrə qəhvə istehsalının təxminən 70 faizini ərəbica təşkil edir. Bu qəhvə növünün tərkibində B, E və K qrup vitaminləri, minerallar və taninlər var. Ərəbicanın 100 qramında təxminən 1,2–1,5 qram kofein olduğu bildirilir. Sağlam böyüklərin gündə üç fincana qədər qəhvə içməsi ümumilikdə uyğun hesab edilir. Bununla yanaşı, 12–14 yaşadək uşaqlara kofeinli qəhvə tövsiyə edilmir. Hamilə qadınlara isə sutkalıq kofein qəbulunu 200 milliqramla məhdudlaşdırmaq məsləhət görülür.
Robustanın tərkibində kofein təxminən iki dəfə çoxdur. Bu növ flavonoidlər və xlorogen turşular baxımından da zəngindir. Lakin yüksək kofein miqdarına görə hipertoniya, taxikardiya və narahatlıq pozuntuları olan şəxslərə robusta tövsiyə edilmir.
Liberika daha orta miqdarda kofein ehtiva edir və minerallarla zəngindir, lakin tərkibindəki saponinlər mədəni qıcıqlandıra bilər.
Ekspert kopi lüvak və kofeinsiz qəhvə barədə də məlumat verib. Onun sözlərinə görə, kofeinsiz qəhvə hamilə və süd verən qadınlar, eləcə də hipertoniya olan insanlar üçün daha uyğun seçim sayıla bilər. Bununla belə, mütəxəssis qəhvənin müalicə vasitəsi olmadığını və onun sağlamlığa faydalarının həddindən artıq şişirdilməməli olduğunu vurğulayıb.
Mənbə: Mail.ru
