Bugun.tv xəbər verir ki, mütəxəssislər uzun müddətdir məşhur olan bəzi “super qidalar”ın kölgəsində qalan, lakin qida dəyəri baxımından son dərəcə zəngin bir sıra məhsulların yenidən diqqət mərkəzinə gətirilməli olduğunu bildirirlər.
Adətən insanlar qaragilə, kələm, avokado və ya kinoa kimi məhsulları super qida kimi tanıyırlar. Lakin qidalanma mütəxəssisləri qeyd edir ki, “super qida” anlayışı çox vaxt marketinq və qida trendləri ilə bağlıdır. Əslində isə sağlam qidalanmanın əsas prinsipi müxtəlif və balanslı qida rasionudur.
Josiah Meldrum bildirib ki, insanlar tez-tez tək bir qidanın bütün problemlərin həlli olduğunu düşünürlər. Onun sözlərinə görə, əsas məsələ bir məhsul deyil, müxtəlif və balanslı qidalanmadır.
Mütəxəssislər qida dəyəri yüksək olsa da, zamanla populyarlığını itirmiş bəzi məhsulların yenidən gündəmə gəlməli olduğunu qeyd edirlər.

1. Noxud
Mütəxəssislərin fikrincə, noxud uzun müddətdir haqsız şəkildə diqqətdən kənarda qalıb. Halbuki qurudulmuş noxud lif və bitki mənşəli zülal baxımından olduqca zəngindir.
Araşdırmalara görə, noxud Avropada hələ Neolit dövründən becərilən ən qədim bitkilərdən biridir. Qidalanma baxımından faydalı olsa da, tarixən yoxsulluqla əlaqələndirildiyi üçün bir müddət populyarlığını itirib.

2. Quru gavalı
Quru gavalı lif və polifenollarla zəngin qidalardan biridir. Tərkibində olan sorbitol maddəsi həzm sisteminin fəaliyyətini yaxşılaşdırmağa kömək edir.
Bundan əlavə, quru gavalı mis, kalium, maqnezium və K vitamini kimi mineralların mühüm mənbəyi hesab olunur.

3. Qara qarağat
Mütəxəssislər bildirir ki, qara qarağat C vitamini baxımından bir çox məşhur meyvədən daha zəngindir.
Bu meyvə həm də antioksidant xüsusiyyətləri ilə tanınan antosiyanin maddələri ilə zəngindir və immun sisteminin güclənməsinə kömək edir.

4. Kvark pendiri
Kvark yumşaq və yetişməmiş pendir növü hesab olunur. Zülal baxımından zəngin olan bu məhsulun kalori miqdarı isə bir çox digər pendir növlərindən daha azdır.
Mütəxəssislər bildirir ki, xüsusilə yaş artdıqca baş verən əzələ itkisi ilə mübarizədə zülalla zəngin qidaların istehlakı vacibdir.

5. Cücərtilər
Yonca, brokoli və digər bitkilərin cücərtiləri qida maddələrinin ən konsentrasiyalı mərhələsində olan bitkilər hesab olunur.
Bu məhsulların tərkibində bədəni zərərli maddələrdən təmizləməyə kömək edən sulforafan kimi maddələr mövcuddur. Eyni zamanda iltihabın azalmasına da kömək edə bilər.

6. Qaraciyər
Bir vaxtlar bir çox ölkələrin mətbəxində geniş istifadə olunan qaraciyər qida baxımından çox zəngindir.
Qaraciyər zülal, dəmir və B vitaminlərinin mühüm mənbəyi sayılır. Həmçinin A vitamini baxımından ən zəngin heyvan mənşəli qidalardan biridir.

7. Ənənəvi paxlalı bitkilər
Məsələn, Emmer.
Emmer – çox qədim buğda növüdür. Latınca adı Triticum dicoccum-dur.
Mütəxəssislər qeyd edir ki, müxtəlif paxlalı bitkilər lif və zülal baxımından olduqca faydalıdır. Müasir qida trendləri səbəbindən bəzi ənənəvi paxlalı məhsullar diqqətdən kənarda qalıb.

Nəticə
Mütəxəssislər hesab edir ki, sağlam qidalanmanın sirri yalnız məşhur “super qidalar”da deyil. Müxtəlif və balanslı qida rasionu formalaşdırmaq üçün unudulmuş və ənənəvi qidaların da gündəlik menyuya daxil edilməsi vacibdir.
Mənbə: The Guardian
