Braziliyalı alimlərin Translyasiya Psixiatriyası jurnalında dərc olunan yeni araşdırmasına görə, adətən antibiotik kimi tanınan Minocycline – Minosiklin panik atakların şiddətini azaltmaq potensialına malik ola bilər.
Tədqiqat zamanı həm laboratoriya siçanları, həm də panik pozuntusundan əziyyət çəkən 49 nəfər iştirak edib. İştirakçılara 14 gün ərzində ya Minocycline, ya da panik pozuntularının müalicəsində geniş istifadə olunan Clonazepam verilib.
Müalicədən sonra iştirakçılar karbon qazı ilə nəfəsalma testindən keçirilib. Bu test adətən boğulma hissi yaradır və panik reaksiyasını işə salır. Alimlər müəyyən ediblər ki, Minocycline qəbul edən insanlarda karbon qazının yaratdığı panik atakların intensivliyi nəzərəçarpacaq dərəcədə zəifləyib.
Araşdırma göstərib ki, karbon qazı beyində nəfəsalma və karbon qazına reaksiyanı tənzimləyən sahələrdə mikrogliya adlanan immun hüceyrələrini aktivləşdirir. Minocycline isə bu reaksiyanı zəiflədərək beyin iltihabını azaltmağa kömək edə bilər.
Mütəxəssislərin sözlərinə görə, bu preparatın təsir mexanizmi Clonazepam-dan fərqlənir. Əgər Clonazepam sinir sistemi reseptorlarına təsir göstərirsə, Minocycline ehtimal ki, beyində iltihabi reaksiyaların azalması yolu ilə təsir edir.
Alimlər vurğulayırlar ki, nəticələr ümidverici olsa da, bu preparatı hələlik panik atakların standart müalicəsi hesab etmək olmaz. Bunun üçün daha geniş klinik sınaqlara ehtiyac var.
Mənbə: mail.ru
