ABŞ Prezidenti Donald Trampın tərəfdarları arasında Ukraynaya yardım məsələsi ilə bağlı fikir ayrılığı davam edir. Politico nəşrinin yazdığına görə, bəzi respublikaçılar Kiyevə dəstəyi yumşaltsa da, “Amerika əvvəlcə” (America First) xəttini müdafiə edən MAGA hərəkatının böyük hissəsi Ukraynaya əlavə yardım göstərilməsinə qarşı çıxır.
Məlumata görə, Ukrayna Prezidenti Volodimir Zelenskinin Vaşinqtona səfəri ABŞ-da bu mövzuda davam edən siyasi müzakirələr fonunda baş tutub. Son dövrlərdə bəzi Tramp tərəfdarları Ukraynaya münasibətdə əvvəlki mövqelərini dəyişməyə başlayıblar.
Mühafizəkar fəal Laura Lumer Ukraynaya səfərindən və Zelenski ilə görüşündən sonra Kiyevə dəstəyini açıqlayıb. O bildirib ki, təşəbbüs Ukrayna liderindən gəlib və görüş onun mövqeyinə təsir edib. ABŞ-ın vitse-prezidenti Cey Di Vensin də Ukraynanın bəzi addımlarını müsbət qiymətləndirdiyi qeyd olunur.
Lakin Konqresdəki bir sıra respublikaçılar bu mövqeni bölüşmür. Konqresmen Tim Börçett Ukraynaya dəstək vermək niyyətində olmadığını bildirib. Digər qanunvericilər isə bəzi siyasətçilərin mövqeyindəki dəyişikliklərə şübhə ilə yanaşıblar.
Ekspertlər hesab edirlər ki, Ukraynaya yardım məsələsi ABŞ daxilində Respublikaçılar Partiyasının gələcək xarici siyasət istiqamətləri üzrə əsas mübahisə mövzularından biri olaraq qalır.
Mənbə: Politico
